​'Sədərək'dəki yanğınla bağlı cinayət işi başlanılıb [Videolar]

Yanan anbar

"Sədərək" Ticarət Mərkəzinin icarəyə verdiyi obyektdəki yanğınla bağlı cinayət işi başlanılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Vurğulanıb ki, nazirliyin Əməliyyat-istintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

'Sədərək'dəki yanğın tam söndürülüb

"Sədərək" Ticarət Mərkəzinin icarəyə verdiyi anbarda baş vermiş yanğın avqustun 25-i günün ikinci yarısı tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

+++

Avqustun 24-də səhər saatlarında "Sədərək" Ticarət Mərkəzində başlayan yanğının bir gün sonra məhdudlaşdırıldığı bildirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) vurğulanıb ki, havanın küləkli olması görülən işləri çətinləşdirsə də, ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) açıqlamaya görə isə, "Sədərək"də yanğınla bağlı təcili tibbi yardım briqadasına ümumilikdə 12 nəfərin müraciəti qeydə alınıb. Onların tüstüdən zəhərləndiyi bildirilir.

Jurnalistlərə açıqlamasında FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev bildirib ki, yanğın anbarda baş verib: "Sintetik saxlanma zonası olduğu üçün yanğının söndürülməsində mürəkkəblik yaranıb. Yanğın yerində olan şəxsi heyət və texnikanın sayı yetərincədir. Yanğının daha irimiqyaslı ərazini əhatə etməsinin qarşısı alınıb. Eyni zamanda, yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin və digər anbarların mühafizəsi təmin olunub".

Yanğının səbəbi, onun dəqiq miqyası və zərərçəkənlər barədə, hələlik, məlumat verilmir.

Son illər "Sədərək" Ticarət Mərkəzində bir çox yanğınlar baş verib. Buna qədər sonuncu yanğın bu il iyulun 30-da olmuşdu. FHN-nin açıqlamasına görə, onda yanğın o qədər də güclü olmamış, ticarət mərkəzinin ərazisində divar üzlüyü 3 kv.m. sahədə yanmışdı.

Amma ondan əvvəlki bəzi yanğınların daha geniş olduğu (məsələn, 2020-ci ildə yanğının 600-700 kvadratmetr sahəni əhatə etdiyi) açıqlanmışdı. Həmin vaxt sahibkarlar kompensasiya ala bilmədiklərindən də şikayətlənmişdilər. Yanğınlar, əsasən, ehtiyatsızlıq və təhlükəsizlik tədbirlərinə düzgün əməl olunmaması ilə izah edilib.