MSK seçicilərin sayını açıqladı: '1.2 milyon nəfər siyahıda yoxdur'

Məzahir Pənahov (Foto arxiv)

Azərbaycanda rəsmi qeydiyyatda olan seçicilərin sayı açıqlanıb. Bu gün, mayın 26-da Mərkəzi Seçki Komissiyasının (MSK) ölkə üzrə vahid seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına həsr olunmuş iclası keçirilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, 2026-cı il mayın 26-na olan rəsmi göstəricilərə görə, ölkənin vahid seçici siyahısına 6 milyon 332 min 229 nəfər daxil edilib.

Son bir ilin göstəriciləri ilə müqayisə etdikdə rəsmi seçici sayında artım dinamikası müşahidə olunur. Ötən il mayın 26-da MSK ölkə üzrə seçici sayının 6 milyon 302 min 93 nəfər olduğunu bəyan etmişdi. Bu rəqəmlər qarşılaşdırıldıqda, son bir ildə ölkədə səsvermə hüququ olanların sayının rəsmən təxminən 30 min nəfər artdığı bəlli olur.

Lakin düz iki il əvvəlki dövrlə müqayisədə ümumi artım olduqca cüzidir. Belə ki, 2024-cü il mayın 27-də MSK ölkədə 6 milyon 326 min 764 seçicinin qeydiyyatda olduğunu açıqlamışdı. Maraqlıdır ki, həmin ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərindən dərhal əvvəl bu rəqəm indikindən daha çox — 6 milyon 478 min 623 nəfər olaraq göstərilmişdi.

MSK-dan sözügedən ziddiyyətlərə münasibət almaq mümkün olmasa da, qurum bundan əvvəl seçici siyahılarının vaxtaşırı yoxlanıldığını və təkmilləşdirildiyini vurğulamışdı.

Rəqəmlər ətrafında şübhələr və suallar

Azərbaycanda seçici siyahılarının dəqiqliyi daim müzakirə mövzusu olub. Həm beynəlxalq təşkilatlar, həm də yerli müstəqil müşahidəçilər zaman-zaman bu rəqəmlərin şəffaflığına şübhə ilə yanaşdıqlarını ifadə ediblər. Hətta fərqli dövlət qurumlarının bəyan etdiyi statistikalar arasında tez-tez ziddiyyətlər qeydə alınıb. Rəsmi orqanlar indiyə qədər bu tip fərqlərə tam və aydın izahat verməyiblər.

Bəzi dönəmlərdə rəqəmlər arasındakı qeyri-müəyyənliklər miqrasiya amili ilə əlaqələndirilsə də, bu faktorun statistika üzərində qısamüddətli və kəskin təsirləri əlavə suallar doğurur. Ölkə müxalifəti isə seçici siyahılarının obyektiv və alternativ mexanizmlərlə ciddi şəkildə araşdırılmasının vacibliyini müdafiə edir.

18 yaşı tamam olan şəxslərin sayı ilə müqayisə...

Azərbaycan qanunvericiliyinə görə, 18 yaşına çatmış hər bir vətəndaş səsvermə hüququna malikdir. Amma ölkədə 18 yaşına çatan insanların sayı ilə seçici sayı da üst-üstə düşmür.Rəsmilər bu fərqi də, hələlik, izah etməyiblər. Elə iqtisadçı Rövşən Ağayev də 18 yaşına çatmış şəxslərlə seçici sayı arasındakı uyğunsuzluğa diqqət çəkib.

"Mərkəzi Seçki Komissiyası yeni seçici siyahıları elan edib və ümumi seçici sayının 6.3 milyon nəfər olduğu bildirilir. Halbuki rəsmi statistikaya görə, 18 yaşını tamamlamış əhalinin sayı 7.5 milyon nəfərdən də bir qədər çoxdur. Yəni 1.2 milyon nəfər siyahıda yoxdur", —o, "Facebook" səhifəsində vurğulayıb.

"Mümkün səbəblər: həmin şəxslərin əhəmiyyətli hissəsi ölkə xaricində yaşayır, xeyli sayda insanın yaşayış və qeydiyyat yeri ilə bağlı problemi var, bunun dəqiqləşdirilməsi çətindir. Hər halda, potensial seçicilərin 15 faizi siyahılarda yoxdur. Əslində real seçkilərin olmadığı ölkə üçün bu, ciddi problem də sayılmır. Amma məsələ demoqrafik və məskunlaşma ilə bağlı real vəziyyəti qiymətləndirmək üçün lazım olan statistikanın olmasının vacibliyindədir", —o əlavə edib.