Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsindən ötrü ayrılan müddət dekabrın 4-də başa çatıb.
Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsini təmin etməlidir.
Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının löhvələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi müddəti isə yanvarın 10-da başa çatmalıdır.
Hazırda namizədlərin imza toplaması kampaniyası davam edir.
Nаmizədin qeydə alınmasından ötrü zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi vaxtı da yanvarın 10-u saat 18:00-da başa çatacaq.
Xatırlatma
2019-cu ilin noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb. Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb. Bir gün sonra prezident seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Əslində, Azərbaycanda parlament seçkiləri gələn ilin noyabrında keçirilməli idi.