Naxçıvanda yeni baş nazir var

Ceyhun Cəlilov Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşların qəbulu otağının açılışında

Naxçıvan Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri Səbuhi Məmmədov tutduğu vəzifədən azad edilib. O, 2020-ci ildən bu vəzifəni tuturdu.

Ali Məclisin digər qərarı ilə bu vəzifəyə Ceyhun Cəlilov təyin olunub.

Dosye

Ceyhun Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində doğulub.

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniyanın Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib.

2011-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində "BP Caspian" şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.

1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Baş nazir təyinatına qədər Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi naziri postunu tuturdu.