Saxarov mükafatının qalibləri açıqlanıb

Beynəlxalq Cinayət Məhkəməsi

Avropa Parlamenti akademik Andrey Saxarov adına "Fikir azadlığı" mükafatını Beynəlxalq Cinayət Məhkəməsinə (BCM), həmçinin İran və Tanzaniyadan olan müxalifətçilərə verib. Bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola məlumat yayıb.

Ağ ev hələ iki həftə əvvəl BCM-yə qarşı sanksiyalar tətbiq etmişdi. Bundan əvvəl isə Vaşinqton məhkəmənin ayrı-ayrı hakimlərini və prokurorlarını sanksiya siyahısına salmışdı.

Mükafatın digər qalibləri Tanzaniyadan olan siyasətçi və antikorrupsiya fəalı Tundu Lissu, eləcə də İran rejiminə qarşı etirazlarda iştirak etdikləri üçün təqib olunan 21 yaşlı əkiz bacılar — Təranə və Rominə Rəhimidir.

Tanzaniya parlamentinin keçmiş deputatı olan Lissu 2017-ci ildə sui-qəsddən sağ çıxıb. Həmin vaxt 16 güllə yarası alan siyasətçi ölkəni tərk etmək məcburiyyətində qalıb. 2023-cü ildə geri qayıdanda isə dövlətə xəyanətdə ittiham olunub. Onu bu ittihamla ölüm cəzası gözləyir. Hazırda həbsdə olan Lissu Tanzaniya müxalifətinin əsas simalarından biri hesab edilir.

Rəhimi bacıları 2026-cı ilin yanvarında həbs olunublar. Təranə "Allaha qarşı müharibə aparmaq" ittihamı ilə ölüm cəzasına məhkum edilib, Rominəyə isə 25 il həbs cəzası verilib. Fəallar hazırda İsfahandakı Dövlətabad həbsxanasında saxlanılırlar.