Martın 14-də Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət zamanı Cənubi Qafqazda post-münaqişə dövrü, Ermənistan ilə Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib: "Prezident Şarl Mişel qeyd edib ki, Avropa Birliyi Cənubi Qafqazda sabitliyi, sülhü və çiçəklənməni dəstəkləməkdə davam edəcək".
Məlumata görə, söhbət zamanı həmçinin Ukraynadakı son hadisələrin inkişafı və bunun Cənubi Qafqazda regional təhlükəsizliyə mümkün təsiri məsələləri də müzakirə olunub.
Azərbaycan Avropa Birliyi (AB) ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Ermənistan, Ukrayna, Gürcüstan, Moldova və Belarus) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb. Üstəlik, hər üç ölkə AB-yə üzvlük üçün də müraciət edib. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı dəqiq bilinmir. Belarus isə bu qurumla əməkdaşlığı dayandırıb.
Xatırlatma
Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Altı il əvvəl isə Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra isə Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.
2020-ci ildə İkinci Qarabağ müharibəsi baş vermişdi. Nəticədə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Ötən il də tərəflər arasında bölgədə iqtisadi, nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalanmışdı.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.