Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının Şurası Tiencin Bəyannaməsini təsdiqləyib. Sənəddə daxili işlərə qarışmamaq, güc tətbiqindən imtina və birtərəfli sanksiyaların qəbul edilməməsi prinsipləri yer alıb.
Ölkələr təhlükəsizlik sahəsində, o cümlədən süni intellektin inkişafı ilə bağlı risklər üzrə birgə əməkdaşlığa hazır olduqlarını təsdiqləyib, hərbi əməkdaşlığı genişləndirmək niyyətlərini bildiriblər.
Sammit iştirakçıları ABŞ və İsrailin İrana endirdiyi zərbələri pisləyiblər. Onlar nüvə obyektlərinə zərər vurulmasının yolverilməz olduğunu vurğulayıblar, BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyalarını bərpa etməsi üçün "Avropa üçlüyü"nün təşəbbüsünü rədd ediblər.
Bəyannamədə Ukraynanın adı çəkilmir. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Moskvanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyi belədir ki, "bir ölkənin təhlükəsizliyi digərinin təhlükəsizliyi bahasına təmin edilə bilməz".
"Çinin, Hindistanın və digər strateji tərəfdaşlarımızın Ukrayna böhranının nizamlanmasına yönəlik səylərini yüksək qiymətləndiririk. Ümid edirəm, Alyaskada son Rusiya-Amerika sammitində əldə edilmiş razılaşmalar da bu istiqamətdə irəliləyir, Ukraynada sülhə yol açır", – Putin ŞƏT sammitində çıxışında deyib.
Putin sentyabrın 1-də Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını Hindistanın baş naziri Narendra Modi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib. Putinlə görüşdən sonra Modi deyib ki, söhbət "əla keçib", münaqişəyə mümkün qədər tez son qoymağın və davamlı sülh yaratmağın yolunu tapmaq vacibdir.
+++
Avqustun 30-da Ukrayna prezidenti Volodimir Zelenski N.Modi ilə telefonla danışdığını, Ukraynanın Rusiya lideri ilə görüşə hazır olduğunu təsdiqlədiyini bildirib.
Putin Çində Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşüb.
Kremlin sözçüsü Dmitri Peskov onun Azərbaycan prezidenti İlham Əliyevlə də görüşə biləcəyini deyib. Son vaxtlar Bakı ilə Moskvanın münasibətləri pisləşib. İyunun sonunda Yekaterinburqda azərbaycanlılara zorakı reyd nəticəsində iki nəfər ölüb. Bundan sonra Bakıda bir qrup rusiyalı narkotik ittihamıyla saxlanılıb. İ.Əliyevin ötən həftə 1920-ci ildə Rusiya qoşunlarının Azərbaycanı işğal etdiyini deməsi isə Moskvada deputatlar səviyyəsində qəzəbli açıqlamalara səbəb olub.