Rusiya Ukraynanı mülki avtobusu vurmaqda günahlandırır

Donetskdə avtobusa dron zərbəsi

İyunun 3-də Moskva Kiyevi Donetsk vilayətinin Rusiyanın nəzarətində olan hissəsində sərnişin avtobusuna dron zərbəsi endirməkdə ittiham edib. Hücum nəticəsində səkkiz dinc sakin həlak olub, 11 nəfər isə yaralanıb.

Regionda Rusiyanın təyin etdiyi rəhbər Denis Puşilin bildirib ki, Ukraynaya məxsus dron avtobus sərnişin götürmək üçün dayanarkən ona zərbə endirib. Onun sözlərinə görə, Ukrayna qüvvələri "növbəti misli görünməmiş, qeyri-insani təcavüz aktı" törədiblər.

Rusiya kimi, Ukrayna da müharibə dövründə mülki şəxsləri qəsdən hədəfə almadığını bəyan edir. Kiyev hadisə ilə bağlı dərhal rəsmi açıqlama verməyib.

Rusiya iyunun 2-də Ukraynaya genişmiqyaslı raket və dron hücumu həyata keçirib, 23 nəfər həlak olub, 130 nəfər yaralanıb. Moskva bu addımın Ukraynanın Luqanskdakı yataqxanaya endirdiyi və kütləvi itkilərə yol açdığı zərbəyə cavab olduğunu bəyan edib. Kiyev isə həmin mülki obyekti hədəf almadığını bildirib.

Sankt-Peterburqda iqtisadi forum öncəsi dron hücumu olub

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun açılış günündə şəhərə dron hücumu olub, Peterburq Neft Terminalında yanğın baş verib. Bu barədə "Bumaqa", "Astra" və digər teleqram kanalları məlumat yayıb.

"Bumaqa"nın məlumatına görə, yerli sakinlər səhər saat 5 radələrində şəhərin bir neçə rayonunda partlayış səsləri eşidiblər. Hadisə ilə əlaqədar "Pulkovo" hava limanında 29 reys gecikdirilib, doqquz təyyarə isə ehtiyat aerodromlara yönləndirilib. Bundan əlavə, şəhərdə mobil internetin fəaliyyəti məhdudlaşdırılıb. Nəşrin oxucuları hətta "ağ siyahı"dakı saytlara belə daxil ola bilmədiklərini bildiriblər.

Sankt-Peterburqun rəhbəri Aleksandr Beqlov Kronştadt, Kirov və Krasnoselski rayonlarında infrastruktur obyektlərinə dron hücumu olduğunu açıqlayıb. Onun sözlərinə görə, bir neçə obyektə ziyan dəyib. Beqlov, həmçinin hücum nəticəsində bir neçə nəfərin xəsarət aldığını bildirib.

Peterburq Neft Terminalı Baltik regionunda maye yüklərin qəbulu ilə məşğul olan ən iri terminallardan biridir.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 3-dən 6-dək keçiriləcək. "Astra" nəşri yazır ki, hücuma məruz qalan neft terminalı ilə forumun keçiriləcəyi "Ekspoforum" kompleksi arasında təxminən 17 kilometr məsafə var.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko isə iyunun 3-nə keçən gecə region səmasında 50 dronun vurulduğunu bəyan edib.