Ermənistanda milyarder Samvel Karapetyan ev dustaqlığına buraxılıb

Samvel Karapetyan

Ermənistanda məhkəmə “Taşir” qrupunun rəhbəri Samvel Karapetyanın girov qarşılığında ev dustaqlığına buraxılmasına qərar verib. Vəkili Aram Vardevanyan müdafiə tərəfinin vəsatətinin qismən təmin olunduğunu deyib.

Girovun məbləği açıqlanmayıb.

Karapetyan bu ilin iyununda hakimiyyəti ələ keçirməyə çağırışlar ittihamı ilə həbs olunub. Ona həmçinin ölkənin ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina və konstitusiya quruluşunun zorakılıqla devrilməsi ittihamları irəli sürülüb. Karapetyan Erməni Apostol Kilsəsinin ölkə hakimiyyəti ilə münaqişəsində açıq şəkildə kilsənin tərəfini tutandan sonra onun təqibi başlayıb.

Milyarderin həbsindən sonra Ermənistan prezidenti Vaagn Xaçatryan Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsinə imkan verən qanunları imzalayıb. İyulda isə sahibkar Stokholm Ticarət Palatasında arbitraj məhkəməsini qazanıb. Məhkəmə Ermənistan hakimiyyətinə “Ermənistan Elektrik Şəbəkələri”nin aktivlərinin müsadirəsinə gətirib çıxara biləcək hərəkətləri qadağan edib.

Karapetyan Rusiyada “Taşir” şirkətlər qrupuna və “Rio” ticarət-əyləncə mərkəzləri şəbəkəsinin sahibidir. “Forbes”un Rusiya milyarderləri reytinqində 44-cü yerdədir, sərvəti 3,2 milyard dollar qiymətləndirilir.