Azərbaycanın Samux rayonunda qarayara xəstəliyi qeydə alınıb. Bu barədə avqustun 13-də Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.
Məlumatda qeyd edilir ki, ilkin epidemioloji araşdırmalara əsasən, xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyən edilib.
Açıqlamaya görə, xəstəliyə şübhəli ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində "qarayara xəstəliyi" diaqnozu qoyulub.
Qeyd olunub ki, hazırda təmasda olan şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə cəlb edilib və hər hansı dəri yarası olan şəxslərdən laborator müayinələrin aparılması üçün nümunələr toplanıb: "Xəstə heyvanla təmasda olan doqquz nəfər şəxs aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Xəstəliklə təmasda olan şəxslər əsasən Samux rayon sakinləridir. Həmin şəxslərdən laborator müayinə üçün nümunələr toplanıb və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib".
Məsələyə həmin şəxslərin yaxınlarından açıqlama almaq mümkün olmayıb.
Qarayara, əsasən, xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir.
Xəstəliyin insandan-insana ötürülməsinin nadir hallarda baş verdiyi bildirilir.
"Vətəndaşlara xəstə, tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur", - rəsmi açıqlamada vurğulanır.
Xatırlatma
Qarayara və ya Sibir yarası— kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlikdir. O, lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar.
Bu xəstəlik insanlara qədimdən bəllidir.
2025-ci il üzrə Azərbaycanda nə qədər adamın qarayara xəstəliyinə tutulduğu açıqlanmayıb. 2024-cü ildə bu rəqəmin 22, ondan bir il əvvəl isə 14 olduğu açıqlanmışdı.