Almaniyadan Azərbaycana readmissiya olunduqdan (qaytarıldıqdan) sonra həbs edilən Samir Aşurovun Şüvəlandakı istintaq təcridxanasında vəziyyətinin kəskin pisləşdiyi bildirilir. Bu barədə "Turan"a onun həyat yoldaşı Nuranə Aşurova məlumat verib.
Onun sözlərinə görə, şəkərli diabetin kəskinləşməsi ilə əlaqədar S.Aşurovun ayaqlarında yaralar yaranıb. Bundan başqa, xanımının deməsinə görə, Aşurov ürək xəstəliyindən əziyyət çəkir və son vaxtlar onda sürətli ürək döyüntüsü müşahidə olunur.
Aşurova düşünür ki, ərinin müalicə üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi zəruridir: "Almaniyada Samir şəkərli diabet xəstəsi kimi tibb müəssisəsində qeydiyyatda idi və müalicə alırdı. İstintaq təcridxanasında o, ancaq dərman qəbul edir, lakin qanında şəkərin səviyyəsini belə ölçmürlər".
Xanımının vurğulamasına görə, əri 11-nəfərlik kiçik kamerada saxlanılır: "Oraya Günəş işığı düşmür və havalandırılmır. Su normal verilmir...".
O, S.Aşurovun məhkəməsinin əsassız olaraq yubadıldığını vurğulayır.
Bu deyilənlərə Penitensiar Xidmət və başqa cavabdeh rəsmi qurumlardan şərh almaq mümkün olmayıb.
Buna da bax: Avropadan deport edilən: 'Qışda Kürdəxanı soyuq olur'Xatırlatma
S.Aşurov ötən il martın 29-da Almaniyadan çıxarılıb, 20 gün sonra Bakıda saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Aşurov CM-in 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə həbsdə saxlanılırdı. İstintaqın sonunda ittihamı ağırlaşdırılıb, ona əlavə 221.3 (xuliqanlıq – silah və ya silah qismində əşya vasitəsilə törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
Bəzi hüquq müdafiəçiləri Aşurovu "siyasi məhbus" kimi tanıyıblar. Onlar hesab edirlər ki, həbsin əsl səbəbi Aşurovun Almaniyada olarkən Azərbaycanda insan haqlarının pozulmasına etiraz olaraq keçirilən aksiyalarda iştirakıdır.
Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarına daxil edilənlər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.