İmişli rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib.
Mayın 31-də məhkəmənin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Yerli saytların məlumatında onun Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham olunduğu bildirilir.
Bu məlumata, hələlik, müdafiə tərəfindən münasibət almaq mümkün olmayıb. Mayın 13-də S.Səmədov İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən də azad edilmişdi.
13 may
YAP üzvü 'Georgi lenti' və SSRİ bayrağına görə vəzifədən çıxarılıb
İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov "Georgi lenti" və SSRİ bayrağına görə vəzifədən çıxarılıb.
Bu barədə qərar mayın 13-də Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin növbədənkənar iclasında verilib. Bu qurum bununla bağlı məlumatı da artıq öz saytında yayıb.
Məlumata görə, qurumun sədri Eldar Quliyev iclasda təəssüflə vurğulayıb ki, faşizm üzərində Qələbə günü münasibətilə mayın 9-da İmişlinin Sarıxanlı kəndində keçirilən tədbirdə S.Səmədov "SSRİ bayrağı altında", sinəsində "rus imperiyasının rəmzi" olan "Georgi lenti" ilə çıxış edib.
Əlavə edilib ki, müzakirələrdən sonra S.Səmədovun İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul olunub.
S.Səmədovun hakim Yeni Azərbaycan Partiyasının (YAP) da üzvü olduğu bildirilir.
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Elman Nəsirov deyib ki, İmişlidə baş verən bu hadisəni pisləyir: "...İstisna deyil ki, məsələyə dair Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarından olan Təftiş Komissiyası qiymət verə bilər".
Hələlik, qərara və tənqidlərə S.Səmədovun özündən ayrılıqda münasibət almaq mümkün olmayıb.
Amma o, yerli saytlara məsələ ilə bağlı fikirlərini bölüşüb. Həmin tədbir zamanı meydanda başqa bayraqların da olduğuna diqqət çəkən S.Səmədov sonra da vurğulayıb ki, "Azərbaycan bayrağı bizim hər zaman başımızın üstündədir".
Xatırlatma
Azərbaycan Ağsaqqallar Şurası SSRİ dönəmində, 1989-cu ildə təsis edilib. 1990-cı ildə isə dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb. Şuranın ilk sədri Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi, akademik İmam Mustafayev olub.
Bu təşkilat Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra da fəaliyyətini davam etdirib. Təşkilata İ.Mustafayevdən sonra akademik Budaq Budaqov, deputat Fəttah Heydərov da rəhbərlik edib. Hazırda onun sədri keçmiş deputat, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (Azərittifaq) sədri, Kooperasiya Universitetinin rektoru Eldar Quliyevdir.