Oktyabrın 5-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini Aleksey Overçukla görüşüb.
Azərbaycan Nazirlər Kabinetinin məlumatına görə, görüşdə ticarət-iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər ticarət-iqtisadi və investisiya sahələrində tərəfdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər. Sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.
""Şimal–Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından daha geniş istifadə imkanları nəzərdən keçirilib", - məlumatda vurğulanıb.
Bundan əlavə, sərhəd-buraxılış məntəqələrinin fəaliyyəti, yük və nəqliyyat vasitələrinin həmin məntəqələrdən keçid prosedurlarının təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Səfər zamanı Ş.Mustafayev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksandr Novak ilə də görüşüb. "Görüş əsnasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, perspektivləri, xüsusən də iqtisadi-ticari, o cümlədən sənaye, energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub", - məlumatda əlavə edilib.
Bu ilin səkkiz ayında Azərbaycanın Rusiyadan idxalı 37.8 faiz azalaraq 2.5 milyard ABŞ dollarından 1.5 milyard dollara düşüb.
Xatırlatma
Ş.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ötən həftə isə İranda səfərdə olmuşdu. Hər iki ölkə mediasının yaydığı məlumata görə, İran Azərbaycandan elektrik enerjisi idxalını artırmaq niyyətindədir.
2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 15-ə yaxın ölkə sözügedən sazişi ratifikasiya edib.