Sadır Japarov hələ getmək niyyətində deyil. Yenidən namizəd olacaq

Sadır Japarov

Qırğızıstan prezidenti Sadır Japarov növbəti prezident seçkisində ikinci müddətə namizədliyini irəli sürmək niyyətini açıqlayıb. O, bunu avqustun 13-də jurnalist Əli Toktakunova müsahibəsində deyib.

Japarov vurğulayıb ki, arzulayan hər kəs seçkiyə gedə bilər, digər namizədlər üçün heç bir məhdudiyyət olmayacaq.

Ölkənin Konstitusiya Məhkəməsi bundan əvvəl S.Japarovun hazırkı altıillik prezidentlik müddətini onun birinci müddəti kimi tanıyıb və 2027-ci ildə ikinci müddətə namizəd olmaq hüququnu təsdiqləyib.

Növbəti prezident seçkisi 2027-ci il yanvarın 27-də keçirilməlidir.

S.Japarov 2021-ci il yanvarın 10-da növbədənkənar seçkilərdə prezident seçilib. Mərkəzi Seçki Komissiyası onun 79.2 faiz səs yığdığını bildirib.

Taşiyevi varis etmək istəyibmiş

Japarov onu da deyib ki, Dövlət Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kamçıbek Taşiyevi varisi kimi nəzərdən keçirib, ikinci müddətə namizədliyini irəli sürməməyi planlaşdırıbmış.

"Planım altı il hakimiyyətdə qalmaq və 2027-ci ildə seçkilərə getməmək idi. Əgər o vaxta qədər özünü hazırlaya bilsəydi, lazımi təcrübə qazanıb yaxşı işləməyə başlasaydı, Kamçını prezident edəcək, özüm isə istirahətə çəkiləcəkdim. Seçkilər 2027-ci ilin yanvarında keçirilməlidir, mən bunu ona hələ iki-üç il əvvəl demişdim", –Japarov bildirib.

Prezidentin sözlərinə görə, zaman keçdikcə o, Taşiyevin həm ətrafının, həm də əməkdaşlarının davranışlarında problemlər müşahidə etməyə başlayıb.

Japarov Taşiyevin onun dostu olaraq qaldığını, lakin onu yenidən dövlət vəzifəsinə qaytarmaq planının olmadığını deyib.

Taşiyev iyulda 2027-ci il seçkilərinə qatılmayacağını, hazırkı prezidenti dəstəklədiyini bildirib.

Kamçıbek Taşiyev və Sadır Japarov

Taşıyevə cinayət işi açılıb

Fevralın 10-da S.Japarov K.Taşiyevi Nazirlər Kabineti sədrinin müavini və Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifələrindən azad edib.

Apreldə Taşıyev barəsində cinayət işi açılıb, ona hakimiyyəti zorla ələ keçirmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb. İş bir qrup keçmiş yüksəkvəzifəli məmur, deputat və ictimai xadimin S.Japarova müraciəti ilə bağlı olub. Onlar prezidentdən ölkədə növbədənkənar prezident seçkisi keçirməyi xahiş edirdilər. Sonradan bu müraciət "75-lərin məktubu" adlandırılıb.

İyulun 2-də məhkəmə Taşiyevi təqsirli bilib, əmlakı müsadirə olunmaqla 4 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu cəzanı həbsxanada çəkməkdən azad edib, 3 illik probasiya nəzarəti təyin edib, əmlakının isə dövlət nəfinə keçirilməsinə qərar verib.

Bu iş üzrə keçmiş baş prokuror Kurmankul Zuluşev, Ali Şuranın sabiq sədri Nurlanbek Turğunbekuulu, eləcə də məktubu imzalayan daha beş nəfər məhkum edilib.

Avqustun 3-də prokurorluq apellyasiya şikayəti verərək Taşiyevə real həbs cəzasının kəsilməsini tələb edib. Avqustun 10-da keçirilən iclasda vəkillər prokurorluğun apellyasiya təqdimatı ilə tanış olmaq üçün vaxt istəyiblər. Hakim vəsatəti təmin edib.