Şabranda quduzluq xəstəliyi ilə bağlı nəzarətə götürülənlər var

Quduzluq əleyhinə vaksin

Şabran rayonunun Qorğan kəndində bir neçə şəxs quduzluq xəstəliyi şübhəsi ilə nəzarətə götürülüb. Bu barədə "Turan"a Şabran rayon İcra Hakimiyyətinin Qorğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, artıq dövlət orqanları kəndə baxış keçiriblər.

Əlavə olunub ki, 25 gün əvvəl yırtıcı heyvanlar kənd sakinlərinin birinə məxsus təsərrüfatda qoyunlara hücum edib: "Bir neçə gün keçəndən sonra bəzi qoyunları kəsib və ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil ediblər. Sonra digər qoyunlarının bəzilərinin tələf olduğunu görən həmin o sakin dövlət qurumlarına müraciət edib".

Nümayəndəlikdən vurğulanıb ki, tələf olmuş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib: "Təsərrüfatdakı digər qoyunlar kəsilib yandırılaraq basdırılıb".

Bu deyilənləri, hələlik, adı çəkilməyən şəxsi təsərrüfat sahibinin özü ilə dəqiqləşdirmək mümkün olmayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən ( TƏBİB) isə bildirilib ki, mayın 16-da Şabran rayonunun Qorğan kəndinin dördü uşaq olmaqla, doqquz sakini quduzluq xəstəliyi ehtimalı ilə mərkəzi rayon xəstəxanasına müraciət edib: "Onların hər birinə quduzluq əleyhinə vaksin vurulub və evə buraxılıblar".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə deyilib ki, baş vermiş hadisə ciddi nəzarətə götürülüb: "Hadisənin səbəbləri ilə bağlı Agentliyin mütəxəssisləri ilə digər aidiyyəti qurumların əməkdaşları araşdırmalara başlayıb".