Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili və onun keçmiş mühafizə xidmətinin başçısı Teymuraz Canaşiya dövlət büdcəsinə təxminən 3.3 milyon dollar (9 milyon lari) qaytarmalıdırlar. Bu barədə Tbilisi şəhər Məhkəməsi sentyabrın 29-da qərar çıxarıb.
Onlar büdcə vəsaitlərinin mənimsənilməsinə dair "pencək işi" üzrə təqsirli bilinmişdilər.
Saakaşvilinin vəkili Beka Basilaya qərarın siyasi sifarişli olduğunu bildirib, məhkəmə sisteminin hakim partiyaya tabe olduğunu iddia edib.
Bu ilin martında Saakaşviliyə 8 il həbs, Canaşiyaya 300 min lari cərimə cəzası kəsilib. Bundan sonra Maliyyə Nazirliyi 9 milyon lari məbləğində büdcə vəsaitinin qaytarılması üzrə mülki iddia qaldırıb.
Sentyabrın 29-da bu iş üzrə apellyasiya məhkəməsi keçirilir. Prokurorluq Canaşiyaya da həbs cəzası tələb edir.
Əvvəlki hökmlərə əsasən, Saakaşvili 2034-cü ilin aprelinədək həbsdə qalacaq. O və tərəfdarları bütün işlərin siyasi motivli olduğunu deyir.