Rusiyanın gözətçi gəmisi Bakı limanına gəlib

Rusiya Federasiyasının "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakıda

Bu gün, sentyabrın 23-də Rusiya Federasiyasının "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi Bakı limanına gəlib

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında bildirilir.

Xidmət bunu onlarla Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında Tədbirlər Planı ilə izah edib.

"Səfər çərçivəsində... Xəzər dənizində mövcud əməliyyat şəraiti barədə fikir mübadiləsinin aparılması, birgə əməliyyat-profilaktik tədbirləri zamanı qarşılıqlı əlaqələrin nəticələrinin müzakirəsi, eləcə də sərhəd nümayəndəliyi aparatları arasında məlumat mübadiləsinin dəqiqləşdirilməsi nəzərdə tutulub", - məlumatda vurğulanır.

Son dönəmlər Azərbaycan və Rusiya arasında müəyyən gərginlik hökm sürür. Bu ötən ilin sonunda Azərbaycana məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya düşməsindən sonra özünü göstərməyə başlayıb. Azərbaycan tərəfi hesab edir ki, təyyarə Rusiya ərazisində vurulub, 30-dan çox insan həlak olub. Rəsmi Bakının mövqeyinə görə, Rusiya tərəfi üzr istəməli, təqsirkarlar məsuliyyətə cəlb edilməli və zərərçəkən ailələrə kompensasiya ödənilməlidir. Kreml rəhbərliyi hadisə ilə bağlı üzrxahlıq etsə də, rəsmi Bakının başqa istəklərini gerçəkləşdirməyib.

Bu il iyunun 27-də isə Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı əməliyyat keçirdi, bu zaman iki şəxs həlak oldu, 10-a yaxın şəxs də saxlandı. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma sonradan da Azərbaycan diasporunun bir çox təmsilçiləri müxtəlif ittihamlarla həbs edildilər. Başqa tərəfdən, Azərbaycanda da narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları saxladı. Bütün bunlarla bağlı hər iki ölkənin xarici işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə etdilər.

Amma son həftələr iki ölkə arasında münasibətlərin nisbətən normallaşdığı bildirilir.