Rusiyanın Belqorod şəhərində silsilə partlayışların olduğu bildirilir

Rusiya yanğın, arxiv foto

İyulun 3-nə keçən gecə Rusiyanın Ukrayna sərhəddinə yaxın Belqorod şəhərində baş verən silsilə partlayışlar nəticəsində 3 nəfərin öldüyü, daha 4 nəfər yaralandığı xəbər verilir.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, “gecə şəhərdə bir sıra yüksək səslər eşidilib”. "Hadisənin səbəbləri araşdırılır, ehtimal ki, hava hücumundan müdafiə sistemi işləyib", - o, teleqram kanalında yazıb.

İlkin məlumata görə, partlayış nəticəsində ən azı 11 yaşayış binasına 40-a yaxın fərdi ev zədələnib, onlardan beşi tamamilə dağılıb.

Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan sonra Rusiya Ukrayna ilə həmsərhəd ərazilərində terror təhlükəsinin “sarı” səviyyəsi tətbiq edib.

Rusiya tərəfi bu və digər ərazilərinin Ukrayna tərəfdən atəşə tutulduğunu iddia edir. Ukrayna tərəfi isə bu məlumatları şərh etmir.

Bu arada Rusiyanın Kursk vilayətinin qubernatoru Roman Starovoit öz telegram kanalında Ukraynaya məxsus iki "Strij" pilotsuz aparatın iyulun 3-nə keçən gecə Kurska yaxınlaşarkən vuruluğunu yazıb. O vurulduğu iddia olunan pilotsuz uçuş aparatının fotosunu paylaşıb.