Rusiyalıların az qala yarısı 2019-cu ildə həyat səviyyəsinin endiyini düşünür

Rusiyanın Levada ictimai rəyin öyrənilməsi mərkəzinin keçirdiyi sorğuda respondentlərin 43 faizi 2019-cu ildə ölkədəki yaşayış şəraitinin pisləşdiyini deyib.

Xəstəxana və poliklinikalarda xidmətin pisləşdiyini düşünən rusiyalıların sayı ötən illə müqayisədə 3 faiz artıb.

Rusiyalıların ən mənfi qiymət verdiyi sahələrdən biri də ətraf mühitin qorunmasının vəziyyətidir.

Buna da bax: Rusiya əhalisi miqrant axınına baxmayaraq azalır

Rəyi soruşulanların 49 faizi bildirib ki, həyat şəraiti 2018-ci illə müqayisədə pisləşib.

Respondentlərin yalnız 13 faizi ötən illə müqayisədə yaşayış səviyyəsinin yüksəldiyini düşünür.

Levada mərkəzi sözü gedən sorğunu dekabrın 12-dən 18-dək Rusiya Federasiyasının 50 subyektindəki 137 şəhərdə yaşayan 1500-dən artıq respondentin arasında keçirib.

Amma Rusiyanın rəsmi statistika qurumu olan Rosstat bildirir ki, 2018-ci ilin dekabrı ilə müqayisədə orta Rusiya ailəsinin Yeni il süfrəsi üçün xərcləri 3 faiz artıb.