Rusiya vətəndaşı ABŞ-dan deportasiya edilir

F-16 qırıcı təyyarələrinə dair texniki təlimat kitablarını Moskvaya keçirməkdə ittiham olunan Rusiya vətəndaşı təqsirini etiraf edib və Birləşmiş Ştatlardan dərhal deportasiya olunacaq.

42 yaşlı Oleg Tishchenko iyunun 19-da Solt Leyk Siti şəhərindəki federal məhkəmədə ona qarşı 5 ittihamdan ikisini qəbul edib.

Federal hakim Dale Kimball ona saxlandığı vaxt nəzərə alınmaqla 1 il, 1 gün iş kəsib.

Yuta prokurorluğu bildirib ki, “bu hökm eyni əmələ əl atacaq hər bir kəsin mühakimə olunacağı barədə mesajdır”.

Məhkəmə sənədlərindən bəlli olur ki, Tishchenko 12 ay müddətində federal həbsxanada saxlanıb və indi dərhal ölkədən çıxarılması üçün daxili təhlükəsizlik agentlərinə təhvil verilib.

Bu da bildirilir ki, Tischenko Rusiyaya deport edilir. O Solt Leyk Siti hava limanından əvvəlcə Amsterdama, oradan isə Moskvaya uçacaq.

Buna da bax: Gürcüstan rusiyalını ABŞ-a ekstradisiya edib

Tischenko-ya qarşı ittiham 2016-cı ildə irəli sürülmüşdü. O eBay saytından istifadə etməklə sözü gedən təlimat kitablarını əldə etmişdi.

Mövcud qanunlara görə fərdlər ABŞ müdafiə sisteminə aid təlimat kitabçalarını Dövlət Departamentinin xüsusi icazəsi olmadan Birləşmiş Ştatlardan çıxara bilməzlər.

Tishchenko Gürcüstanda həbs olunmuş və oradan ABŞ-a ekstradisiya edilmişdi.

Rusiyalı bundan əvvəl bütün ittihamları rədd edirdi və məhkəməsi avqust ayına təyin edilmişdi. Lakin o ötən həftə fikrini dəyişərək iki ittihamı qəbul edib.