Rusiya Dövlət Duması ölkədən getmiş Rusiya vətəndaşlarının hüquqlarını məhdudlaşdıran qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib.
Sənədə əsasən, ölkədən getmiş və hər hansı cinayət işi və ya müəyyən inzibati xətalara görə cəzanın icrasından yayınan şəxslərə bir sıra qadağalar tətbiq ediləcək.
AzadlıqRadiosunun rus xidməti yazır ki, bu şəxslərə xarici pasport almaq, Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət ünvanlamaq, "Qosusluqi" dövlət elektron xidmətlər portalından yararlanmaq qadağan olunacaq. Onlar Rusiyadakı pul vəsaitləri və əmlaklarını idarə edə bilməyəcəklər.
Rusiya diplomatik nümayəndəlikləri xaricdə saxlanılan Rusiya vətəndaşlarına hüquqi dəstək göstərməyəcək, əksər konsulluq və notariat xidmətlərini təqdim etməyəcəklər. Yalnız şəxsin sağ olduğunu təsdiqləyən sənəd veriləcək, həmçinin görmə məhdudiyyətli şəxslərin imzası təsdiqlənəcək.
Qanun ordunun "nüfuzdan salınması", Rusiyaya qarşı sanksiyalara və ölkənin ərazi bütövlüyünün pozulmasına çağırışlar, habelə "xarici agentlər" və "arzuolunmaz təşkilatlar" haqqında maddələr üzrə ittiham edilən Rusiya vətəndaşlarına şamil olunacaq.
Baş Prokurorluq bu məhdudiyyətlərə məruz qalan şəxslərin açıq reyestrini rəsmi internet səhifəsində dərc edəcək.