34 yaşlı Sergey Rasoxin bir neçə həftə əvvəl Rusiyadan Ermənistana gedib. O, Rusiyada hərbi hissədən qaçandan sonra təxminən iki il hərbi polisdən gizlənib, həbs olunub. Nəhayət, Minskdən keçərək Yerevana gedib.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, Moskvada yaşayan Sergey iki il əvvəl maliyyə problemlərini həll etmək üçün silahlı qüvvələrlə müqavilə imzalayıb. O, xidmətə avtomobil mexaniki kimi getmək istəyib, amma tezliklə anlayıb ki, onu cəbhə xəttinə göndərəcəklər.
Sergey çavuşa müqaviləni ləğv edə biləcəyini desə də, bunun mümkün olmadığını başa düşüb. Voronejdə hərbi hissədə xidmət edən Sergey yeganə çıxış yolunun qaçmaq olduğunu dərk edib. Orduya yeni formalar gətirən maşınla hərbi hissədən qaçmaq istəyib, birinci sürücü imtina etsə də, ikincisi razılaşıb.
"Maşınlarla forma gətirən insanlara yaxınlaşdım, dedim ki, qohumlarım gəlir və sizə nağd pul verəcəklər, sadəcə məni buraxın. İkinci gələnlər razılaşdı və beləcə xilas oldum", – Rasoxin danışıb.
Həbsi seçib və...
Sergey qaçandan sonra gizli həyat sürüb, qeydiyyatdan keçmədən bir yaşayış məntəqəsindən digərinə köçüb. İki il sonra hərbi polis əməkdaşları onu tapıb həbs edib, hərbi hissəyə köçürüblər. Sergey deyir ki, o vaxt onun cəbhə xəttində qalacağı qaçılmaz görünürdü. Dediyinə görə, orada ağır xəsarət alanlar, tam müalicə olunmayanlar olubmuş.
Fərariliyə görə 15 ilədək həbs cəzası ilə üzləşəcəyini bilsə də, Sergey bu yolu seçir. Ona ölkədən çıxış qadağası qoyulur. Həmfikirləri Sergeyə Minskə getməyi, oradan Yerevana uçmağı məsləhət gördülər. Onlar həmçinin stansiyada növbətçi olan hərbçiləri "aldatmaq" üçün fəndlər təklif etdilər.
Rasoxin "Azatutyun"a söyləyib ki, əslində bir möcüzə ilə Ermənistana uğurla çatıb. Ona yola düşməzdən bir saat əvvəl bilet almağı məsləhət görüblər ki, rəsmilərin detalları yoxlamağa vaxtı qalmasın: "Bilet almaq üçün kassaya yaxınlaşanda uniformada bir kişi gəldi və bir neçə sənəd götürdü. Anladığım qədərilə, bileti olan sərnişinlərin siyahısı idi. O anadək hələ bilet almamışdım, ona görə də, bəlkə də, bu məni xilas etdi".
Sergey Rusiya hüquq-mühafizə orqanlarının onun Ermənistanda olduğunu bilmədiyini istisna etmir. Amma üzünü gizlətməyi mənasız sayır. Deyir, həmvətənlərinin onun hekayəsini eşidəndən sonra çıxış yollarını tapa biləcəklərini bilmələrini istəyir.
Darya Kirilk
Sergey tək deyil
"Azatutyun" S.Rasoxin kimi Ermənistana üz tutan digər rusiyalılardan yazır. 29 yaşlı Darya Kirlik və həmkarlarının da yolu asan olmayıb. O, komandası ilə 2024-cü ildən müxalifətə qoşulub. Ötən ilin dekabrında həbsxanada ölən Kremlin tənqidçisi Aleksey Navalnının məzarını ziyarət edib şəklini dərc edəndən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Darya və həmkarlarının arxasınca düşüblər. Onlar bir neçə saat içində Rusiyanı təyyarə ilə tərk edərək Yerevana gediblər.
Darya deyir, rusiyalılar qapalı onlayn qruplarda Ermənistanda hüquqi yardım, mənzil, iş axtarırlar. AzadlıqRadiosu həmin ruslardan bəziləri ilə danışıb. Çoxu təhlükəsizlik səbəbi ilə kameraya danışmaqdan imtina etdi.
Onlardan biri bu hərəkətliliyi səfərbərlik haqqında şayiələr və bəhanələrlə izah edib.
Ermənistanda daşınmaz əmlak ekspertləri AzadlıqRadiosuna son həftələr bazarda aktivliyin olduğunu deyiblər, mənzillərin həm kirayə, həm də satış qiymətləri artıb.
2022-ci ildə, Ukraynaya qarşı təcavüzkar müharibənin ilk səfərbərliyindən dərhal sonra Ermənistana 40 mindən çox rus gəlib. "Azatutyun" son aylar Rusiyadan Ermənistana gələnlərlə bağlı rəsmi statistikanın hələ yenilənmədiyini yazır.