Rusiyada iyulun 1-də keçirilən referendum prezident Vladimir Putinin hakimiyyətini möhkəmlətməklə yanaşı ona 2024-cü ildən sonra daha iki dəfə hakimiyyətdə qalmaq şansı verdi.
Oxşar mənzərə Azərbaycanda 2009-cu ildə gerçəkləşmişdi. O zaman Konstitusiyaya dəyişikliklər təklifi referenduma çıxarılmış, dövlət başçısının müddətsiz seçilməsinə imkan yaranmışdı.
Siyasi icmalçı Zərdüşt Əlizadə də AzadliqRadiosuna açıqlamasında İlham Əliyevin Vladimir Putinə ünvanladığı təbrikinə toxunur. Onun fikrincə, həmin təbrikdə “sən də mənim yolumla getdin, təkrarladın, böyük Rusiya balaca Azərbaycanın təcrübəsindən faydalanır” kimi gizli kinayə seçilirdi.
“Putin səlahiyyətlərini artırmaqla özünü qarət etdiyi xalqdan sığortalamır”
Rusiyada referendumdan sonra nəticələrin saxtalaşdırılması ilə bağlı iddialar narazılıqlara və müzakirələrə səbəb olub. Hərşənd Zərdüşt Əlizadə buna təəccüblənir. “Rusiyada nə vaxt seçkilər saxtalaşdırılmayıb?”, - deyə sual edir.
“1989-cu il SSRİ Xalq Soveti qurultayına seçkilərdən başlamış Rusiya Duması və prezident seçkilərinə qədər hamısı saxtalaşıdırlıb. Ən biabırçı seçki isə 1996-cı ildə baş verdi, 6 faiz reytinqi olan Boris Yeltsin Rusiya prezidenti elan edildi. Hətta gizlətmədən deyirdilər ki, Amerikanın siyasi texnologiyası, kommunist Züqanovun satın alınması və başqa faktorlar nəticəsində Yeltsin prezident oldu. Sonradan qarət olunan hakimiyyəti şəxsi təhlükəsizliyi naminə podpolkovnik Putinə təhvil verib getdi”.
Zərdüşt Əlizadənin fikrincə, 1 iyul referendumu ilə Rusiyada ədalətsiz seçkilərə biri də əlavə olundu.
“Əslində, Putin səlahiyyətlərini artırmaqla özünü qarət etdiyi xalqdan sığortalamır, məsələ ondadır ki, rus xalqının müqavimət hissi yoxdur və müqavimət göstərən partiyalar da sıradan çıxarılıb. Parlamentdə oturan sistemli partiyalar isə “cib müxalifəti”dir, Azərbaycan Milli Məclisində olduğu kimi”.
Siyasi şərhçi Vladimir Putinin referenduma getməsini hakim zümrənin daxilində yaranmış çatla əlaqələndirir. Onun qənaətincə, hakimiyyətdə varlanmış və təşkilatlanmış qüvvələrin iddiaları güclənir və onlar Putinin liderliyini şübhə altına qoyurlar. Z.Əlizadə hesab edir ki, məhz həmin qüvvələri kənarlaşdırmaq üçün Putin bir neçə tədbir gördü və 1 iyul səsverməsi də onlardan biridir.
“O demək istəyir ki, xalq onun tərəfindədir. Əslində xalq onun tərəfində deyil, ona qarşısına çıxan iddiaçıları vurmaq üçün hüquqi əsas lazım idi, 1 iyulda onu da götürdü”.
Z.Əlizadə bəzi Rusiya təhlilçilərinin gümanını bölüşür, o da Putinin 2024-cü ildə seçkilərə qatılmayacağını deyir.
“Ola bilər ki, özünə sadiq varis seçsin, o da saxtakarlıq şəraitində seçkidə qalib gələcək. Gələcəkdə Putin Dövlət Şurasının sədri ola bilər, prezident isə Böyük Britaniya kraliçası kimi təmsilçi bir fiqur”.
Azərbaycana təsiri nə ola bilər?
Zərdüşt Əlizadə 1 iyun Konstitusiya dəyişikliklərinin Azərbaycana önəmli təsir göstərəcəyini düşünmür. Onun sözlərinə görə Azərbaycan beynəlxalq siyasətdə “subyekt yox, obyektdir”, ona görə indiki hakimiyyətin hər hansı bir məsələni həll etməyə ixtiyarı yoxdur.
“Baxın, Rusiya Qafqazda iki ölkəni qarşı-qarşıya qoyub ki, onlar bir araya gəlib ona qarşı çıxış edə bilməsin. Məqsəd bu iki ölkəni Rusiyadan daim asılı edib onlara silahlarını satmaqdır. Son illər Bakı-Moskva münasibətlərinə ən böyük təsiri Dağıstanda azərbaycanlılara qarşı Rusiya OMON-nun qəddarlığı göstərməliydi. Amma olmadı. Rusiyaya qazanc arxasınca gedən yüzlərlə adam pandemiya zamanı aylarla sərhəddə gözləsə də, Azərbaycan hökuməti onlara sahib durmadı. Beləliklə, 20 yanvar ənənəsi olan rus hərbçiləri azərbaycanlıları döydü, əzdi, hətta onlara qarşı cinayət işi də qaldırdı. Azərbaycan hökuməti səsini belə çıxartmadı”.
Zahid Oruc Rusiya kimi Azərbycanda da Dövlət Şurası yaradılacağını istisna etmir
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc isə əksinə düşünür, onun fikrincə, şimal qonşusunda gedən siyasi islahatlar Azərbaycana da təsirini göstərəcək. Məsələn, o, bu ölkədə yeni yaradılan Dövlət Şurasından danışır:
“Dövlət Şurası modeli qeyri-hərbi yollardan biri kimi əlverişli ola və strateji planda konsensus yaradıcı ideya kimi konfliktin çözümündə müsbət rol oynaya bilər”.
Zahid Oruc prezident İlham Əliyevin Rusiyadan daha öncə yeni hakimiyyət quruculuğuna başladığını və bunu “daha sistemli şəkildə” apardığını söyləyir. Bunu da qeyd edir ki, Qafqazda parlamentar modelə keçən Gürcüstan və Ermənistanla müqayisədə, hətta Orta Asiyadakı dövlətlərin qarışıq və bir qədər davamsız idarəetmə quruluşları fonunda gələcəkdə Azərbaycanda da Dövlət Şurası modeli dəyərləndirilə bilər.
“Unitar quruluşunu və suverenliyini qoruyub saxlamağa çalışan bir ölkənin etnik-ərazi vahidliyi naminə və Qarabağdakı erməni əhalisinin hüquqları, eləcə təhlükəsizlik mənafelərini qanuni cəhətdən özündə düzgün əks etdirən və ona ən yüksək təminat verən Dövlət Şurası modeli qeyri-hərbi yollardan biri kimi əlverişli ola bilər. Eyni zamanda strateji planda konsensus yaradıcı ideya kimi konfliktin çözümündə müsbət rol oyanaya bilər”.
STM rəhbəri hesab edir ki, “Putin Konstituiyası”nı “ömürlük rəhbərlik”, yaxud “yeni SSRİ-nin baş hüquqi sənədi” kimi xarakterizə etmək kökündən səhvdir. Z.Oruc deyir ki, əvvəla Putinin strateji planlarını heç kim bilmir, digər tərəfdən o, üzərində tarixi missiyanı dərk edərək, eləcə də imperiya qurmuş bir xalq kimi rusların böyük ideallardan bəhs etməyə haqlarını təcəssüm etdirərək belə bir reformalara getdi.
“MDB-dəki durum sizə bəllidir, Belarusla İttifaq da başqaları üçün cazibədar nikah olmadı. Avropa Birliyi modelində daha böyük arealı və millətləri birləşdirmək üçün Putin Konstitusiyasının imkanları xeyli böyükdür. Ona görə də Rusiyadakı hakimiyyət restavrasiyası, səlahiyyətlər bölgüsü və qurmaq istədiyi yeni arxitektura, keçmiş sovet məkanına da təsir göstərəcək. Söhbət Putinin öz modelini və müəllifi olduğu siyasi doktrini zorla ixrac etmək istəyindən getmir. Əksinə, Rusiya rəhbəri indi bir çox sovet respublikalarının təhlükəsizliyinin əsas qorucularından biri kimi çıxış etməyə çalışır. O üzdən, şimal qonşumuzda gedən siyasi islahatlar Azərbaycana da təsirini göstərəcəkdir”.
“Qərb demokratiyası Rusiyanın vahid dövlət kimi varlığına zərbə vura bilər”
O hesab edir ki, Sovetlər Birliyinin dağılmasından 27 il sonra Rusiyanın demək olar, yeni Konstitusiya qəbul etməsinin əsasında fundamental sosial-iqtisadi, beynəlxalq hüquqla bağlı münasibətlər, idarəetmə ierarxiyasının dəyişdirilməsi və siyasi restavrasiya zərurəti, eləcə də çoxmillətli əsasda formalaşan dövlətin regional subyektlərin mərkəzlə möhkəm və sarsılmaz bağlarını qorumaq və gələcəyini təmin etmək mənafeləri dayanırdı.
“Pandemiyanın gətirdiyi yeni çağırışlar güclü dövlət inamını qətiləşdirdiyindən konstitusion islahatların tərəfdarları plebisitin 2-ci dəfə təxirə salınmasına getmədilər və indi ortada rəsmi elan olunmuş 77 faizə bərabər xalqın səsi var. Doğrudur, hər bir hüquqi dəyişikliklər Konstitusiyanın mətnində bəhs edilən cəmiyyətin əsas aparıcı qüvvələri arasında konsensusu, barış və birgəyaşıyışı gücləndirməlidir, lakin dəyişikliklər paketinin əleyhinə olan milyonlarla insanın mövcudluğu sosial və siyasi qruplar arasında qütbləşmənin, müəyyən konfliktlərin mövcudluğundan xəbər verir”.
Z.Oruc deyir ki, görünür, islahatçılar qarşıdakı dövrdə barışmaz qüvvələrlə ümumi dil tapmaq üçün müxtəlif sosial güzəştlər, yaxud hakimiyyətdə onların mənafeyini nəzərə almaq üçün yeni addımlar atacaqlar.
Bununla belə, deputatın sözlərinə görə, Konstitusiyaya dəyişikliklər çoxluğun iradəsini əks etdirir və məhz ona görə də minlərlə elm və sənət adamı, universitetlər, tədqiqat institutları, ən başlıcası regional subyektlər və etnik-milli zümrələr yeni Ana Yasanın lehinə çıxış edirdilər.
Onun sözlərinə görə, prezidentlik müddətinin sıfırlanması və gələcək dövlət rəhbərinə iki dəfə ardıcıl ölkə başçısı seçildikdən sonra qoyulan məhdudiyyətlər, eləcə də Dumanın müəyyən əlavə səlahiyyətlər qazanması və Dövlət Şurasının yaradılması, məhkəmə sistemi ilə bağlı yeni normativ baza hazırkı Rusiyanın daxilindən və xaricindən aldığı basqılara tamamilə adekvatdır.
“Qərb demokratiyası Rusiyanın milli subyektlər əsasında vahid dövlət kimi varlığına zərbə vura, onu süquta uğrada bilər”, - deyə Z.Oruc fikrini izah edir. O ardınca əlavə edir ki, beynəlxalq maraqlarını qoruyan və müxtəlif qitələrdə hərbi əməliyyatlara qatılan bir imperiya varisinin demokratiya üzündən ənənəvi mənafelərindən əl çəkməsi də onun mövcudluğuna təhlükə yarada bilər.
Xatırlatma
Rəsmi məlumata görə Rusiyada keçirilən referendumda seçicilərin 78 faizə yaxını 200-dən artıq dəyişikliyi dəstəkləyib, 21 faiz paketin əleyhinə səs verib.
Referendum hazırkı prezident V.Putinə 2024-cü ildə də seçkilərə qatılmaq şansı verir. Putin özü deyib ki, 2024-cü ildə prezident seçkisində iştirak edə bilər. Əgər o, bundan sonra daha iki müddətə prezident olarsa, vəzifədən gedəndə 84 yaşı olacaq.
Sovet dövründə “KGB” zabiti olan Putin 1999-cu ildən ölkəni idarə edir. Tərəfdarları onun Sovet İttifaqı dağılandan və 1990-cı illərin böhranlarından sonra ölkəni və iqtisadiyyatı möhkəmləndirdiyini bildirirlər.