Rusiyada millətçi qüvvələrin yürüşü keçirilir

Rusiyada "Xalq birliyi" günü

Rusiyanin müxtəlif şəhərlərində “Rusiya yürüşü” keçirilir.

Millətçilərin təşkil etdiyi bu yürüş ənənəvi olaraq hər il noyabrın 4-də-də “Xalq birliyi” günü keçirilir.

Amma son illər yürüş iştiraçılarının sayının azaldığı müşahidə olunur.

Bu il yürüş və mitinqlər Rusiyanın 12 şəhərində yerli hakimiyyətlərlə razılaşdırılıb.

Millətçilərin ən güclü aksiyası paytaxt Moskvada, Sankt-Peterburqda və Yekatrinburqda olur.

Təkcə Moskvada iki belə yürüş razılaşdırılıb.

Amma onlar şəhərin kənarlarında keçirilir.

Bu aksiyalardan birini monarxistlər Şukino rayonunda, digərini isə Kremlə müxalif olan millətçi qrup Lyublino rayonunda təşkil edib.

AzadlıqRadiosu Rusiya xidmətinin məlumatına görə, Lyublinodakı yürüşün təşkilatçısı Dimitri Karasev səhər saatlarında tutulub.

Məlumata görə onu metroda saxlayaraq polis bölməsinə aparıblar.

Bundan başqa daha iki təşkilatçının da saxlandığı bildirilir.

Ümumilikdə 8 nəfərin tutulduğu xəbər verilir.

Məlumatlara görə mitinqə cəmi 100 nəfər gəlib.

Lyublinodakı yürüşün təşkilatçıları bildiriblər ki, əsas şüarları”Rus xalqı üçün çörək və azadlıq”dır.

Amma aksiyada siyasi məhbuslara azadlıq şüarı da səslənib.