Rusiya Zaporojyedə cəzaçəkmə müəssisəsini vurub, 16 nəfər ölüb

Kamyanskedə yaralı

Rusiya qoşunları iyulun 29-na keçən gecə Zaporojye vilayətindəki cəzaçəkmə müəssisəsinə zərbə endirib, 16 nəfər ölüb, 35 nəfər yaralanıb. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.

İlkin məlumata görə, zərbələr idarəolunan aviabombalarla həyata keçirilib.

“Yaralılara bütün zəruri tibbi yardım göstərilir. Müəssisənin binaları dağılıb. Yaxınlıqdakı fərdi evlərə də ziyan dəyib”, – deyə o bildirib.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak isə qeyd edib ki, “bu, rusların növbəti hərbi cinayətidir və onlar yalnız qarşısı alınarsa dayanarlar”.

Rusiya hərbçiləri həmçinin Dnepropetrovsk vilayətinin Sinelnikov rayonu ərazisindəki kəndlərdən birinə pilotsuz uçuş aparatları ilə hücum ediblər. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, yanğının söndürülməsi zamanı xilasedicilərə təkrar zərbə endirilib, yanğınsöndürmə maşını zədələnib.

Vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak qeyd edib ki, Sinelnikov rayonunda bir neçə yaşayış məntəqəsi zərbələrə məruz qalıb. Hücum nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb. Beş fərdi ev, inzibati bina, mağazalar, yanacaqdoldurma məntəqəsi və avtomobillər ziyan görüb.

Kamyanske şəhərinə raket hücumu nəticəsində üçmərtəbəli bina, doğum evi və şəhər xəstəxanasının bir şöbəsi zədələnib. Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. “İki qadının vəziyyəti ağırdır. Onlardan biri hamilədir”, – deyə Sergey Lısak əlavə edib.