Daha çox ölkə Rusiya ilə xokkey oyunlarını boykot edir

2016-ci il dünya çenpionatında İsveç-Rusiya matçı

Rusiyanın beynəlxalq buzüstü xokkey yarışlarına qayıtmasına icazə verən məhkəmə qərarına qarşı çıxan ölkələrin sayı artmaqdadır. Həmin ölkələr Moskvanın yarışlara göndərəcəyi istənilən komanda ilə oynamaqdan imtina edəcəklərini bildirirlər ki, bu da gələn il keçiriləcək dünya çempionatını təhlükə altına qoyur.

Rusiya buzüstü xokkey üzrə dünyanın aparıcı ölkələrindən biridir. Amma Moskva 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan sonra Beynəlxalq Buzüstü Xokkey Federasiyası (IIHF) onu beynəlxalq yarışlardan kənarlaşdırıb.

İdman Arbitraj Məhkəməsi (CAS) oktyabrın 30-da qərar çıxararaq, federasiyadan Rusiya komandalarının yarışlara bərpa olunmasını və bu prosesə gələn ay Kanadada keçiriləcək gənclər arasında dünya çempionatından başlanılmasını tələb edib. IIHF qərarla razılaşmadığını, amma ona əməl edəcəyini bildirib.

Ukraynanı dəstəkləyən və buzüstü xokkey üzrə aparıcı mövqe tutan bir çox ölkə bu qərarı kəskin tənqid edib. Kiyev bildirib ki, məhkəmənin bu qərarı "buzu ukraynalıların qanına boyayıb" və o, tərəfdaşlarını Rusiyanın yarışlara qayıtmasına qarşı qəti mövqe nümayiş etdirməyə çağırıb.

Kanadanın baş naziri Mark Karni noyabrın 3-də deyib ki, Rusiya və Belarus Ukraynadakı bu "qanunsuz, əsassız və dəhşətli" müharibəni dəstəkləyirlər: "Nə qədər ki, bu müharibə davam edir, həmin ölkələrin idmançıları Kanadada öz ölkələrinin adından yarışmayacaqlar".

İki aydan da az vaxtdan sonra gənclər arasında dünya çempionatı məhz Kanadada baş tutacaq.

Avropanın xokkey elitasına daxil olan azı altı ölkə – İsveç, Çexiya, Norveç, Danimarka, Latviya və Finlandiya Rusiya ilə oynamaqdan imtina edəcəklərini bildiriblər.

2027-ci ilin mayında dünya çempionatına ev sahibliyi edəcək Almaniyanın Buz Xokkeyi Federasiyası məhkəmə qərarının onlar üçün vəziyyəti kökündən dəyişdiyini açıqlayıb. Qurumun rəhbəri Frankman Luts mövqelərinin dəyişməz qaldığını və Rusiya yığmasının beynəlxalq yarışlara qayıtmasını rədd etdiklərini vurğulayıb.

Kişilərin çempionatındakı sponsorlar isə Rusiya komandası qayıdarsa, turnirə dəstək verməkdən imtina edə biləcəklərini bəyan ediblər.

CAS-ın qərarı noyabrın 6-da Danimarkada başlayacaq qadınların dünya çempionatına aid deyil və Rusiya bu turnirdə iştirak etməyəcək.