Rusiya XİN Türkmənçay Müqaviləsinə dair məlumatına düzəliş edib

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı ilə Moskva arasında Türkmənçay mübahisəsi

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Facebook rəsmi səhifəsində Türkmənçay Müqaviləsinə dair məlumatına düzəliş edib.

Məlumatda "Naxçıvan xanlığı" ifadəsindən sonra yazılmış "Şərqi Ermənistan" ifadəsi çıxarılıb.

Fevralın 22-də Rusiya XİN-in rəsmi Facebook səhifəsində 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı paylaşımda "Yerevan və Naxçıvan xanlıqları (Şərqi Ermənistan) Rusiya İmperiyasının tərkibinə daxil edilib" yazılmışdı.

Azərbaycan Rusiya XİN-in paylaşımından təəssüflənib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün, fevralın 23-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı yayılan məlumatı təhrif sayır.

"Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə ( fevralın 22-də) Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur", - XİN vurğulayır.

XİN-dən bildirilib ki, sözügedən müqavilədə "Şərqi Ermənistan" ifadəsinə istinad yoxdur: "Əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır. Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yanlış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik".

Bu açıqlamaya, hələlik, Rusiya tərəfindən münasibət almaq mümkün olmayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi Facebook səhifəsində Türkmənçay müqaviləsinin bağlanmasının ildönümü ilə bağlı paylaşım edilib. Həmin paylaşımda qeyd edilir ki, müqaviləyə əsasən, "Rusiya İmperiyasının tərkibinə Yerevan və Naxçıvan xanlıqları (Şərqi Ermənistan) daxil edildi".

Xatırlatma

Türkmənçay müqaviləsi 1828-ci il fevralın 22-də Qacar İmperiyası ilə Rusiya İmperiyası arasında bağlanıb. Müqavilə Təbriz şəhərinin Türkmənçay kəndində imzalanıb.

Bundan 15 il əvvəl isə tərəflər arasında Gülüstan müqaviləsi imzalanmışdı.

Azərbaycan tarixçiləri bu müqavilələri Rusiyanın işğalçılıq niyyətinin gerçəkləşməsi kimi dəyərləndirirlər. Onlar hesab edirlər ki, bununla Azərbaycan xalqı parçalanıb.