Prezident Vladimir Putin Rusiyada xarici məhkəmələrin qərarlarının icra olunmamasını nəzərdə tutan qanunu imzalayıb.
Sənədə əsasən, səlahiyyətləri beynəlxalq müqaviləyə və ya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmayan beynəlxalq məhkəmə orqanlarının qərarları da icra olunmayacaq.
Bu qanun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hökmlərinə şamil ediləcək. Bunu Rusiya Hüquqşünaslar Assosiasiyasının İdarə Heyətinin sədri Vladimir Qruzdev bir müddət öncə deyirdi. NSP vəkillər bürosunun tərəfdaşı İlya Raçkovun sözlərinə görə, Ukrayna ilə bağlı mümkün tribunalın qərarları da məhdudiyyətlərə məruz qalacaq.
2023-cü ilin martında BCM Putin və uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz deportasiyasına görə məsuliyyət daşımaqda ittiham olunurlar. Rusiya Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqu, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov, Rusiya Hərbi-Hava Qüvvələrinin komandanı Sergey Kobılaş və Rusiya Qara Dəniz Donanmasının keçmiş komandanı Viktor Sokolov barəsində də həbs orderləri verilib.
Dekabrın 12-də Rusiya məhkəməsi BCM-in prokurorunu və səkkiz hakimini qiyabi olaraq 3 il yarımdan 15 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Onlar bilərəkdən təqsirsiz şəxsin cinayət məsuliyyətinə cəlbində, qanunsuz cinayət işi başlamaqda, qanunsuz həbs, beynəlxalq qoruması olan şəxslərə hücumun hazırlanmasında təqsirli biliniblər.