'Stoptaym' solisti və gitaraçısı üçüncü dəfə həbs olunub

"Stoptime" qrupu

Sankt-Peterburqda məhkəmə "Stoptaym" qrupunun solisti Diana Loqinovanı (Naoko) və gitaraçı Aleksandr Orlovu həbs edib. Onlar kütləvi tədbirin qanunsuz təşkilində ittiham olunurlar.

Artıq üçüncü dəfədir musiqiçilərin həmin maddə ilə həbs olunurlar. Əvvəlki cəzanı bitirən kimi dərhal polisə aparılırlar. Hər dəfə məhkəmə onlara 13 sutkalıq inzibati həbs cəzası kəsir.

+++

"Stoptime" küçə qrupunun vokalçısı Diana Loqinova (Naoko) noyabr 10-da səhər ardıcıl ikinci inzibati həbsi bitəndən sonra azadlığa buraxılmayıb. O, Sankt-Peterburqda 13 sutka saxlandığı xüsusi təcridxanadan çıxanda yenidən saxlanılaraq polis şöbəsinə aparılıb. Bu barədə "Slovo Zaşite" layihəsi xəbər yayıb.

Bir gün öncə "Stoptime" qrupunun gitaraçısı, Loqinovanın nişanlısı Aleksandr Orlov da həmin mərkəzdən polis şöbəsinə aparılıb. Qrupun üçüncü üzvü, barabançı Vladislav Leontyev isə noyabrın 10-da səhər ikinci inzibati həbs müddəti bitincə azadlığa buraxılıb.

Üç musiqiçi oktyabrın ortalarında ictimai yerdə insanları kütləvi toplayaraq ictimai asayişi pozmaq maddəsi ilə saxlanılıb. Sonradan onlara eyni maddə ilə təkrar inzibati həbs cəzası kəsilib.

Rusiya hakimiyyəti siyasi təzyiq vasitəsi kimi belə "karusel" həbslərinə tez-tez əl atır, bir nəfər ardıcıl inzibati həbslərlə uzun müddət həbsdə saxlanılır. Bəzi hallarda bir neçə belə inzibati həbsdən sonra həmin şəxslərə qarşı cinayət işi açılır, onlar azadlığa çıxmırlar.

Loqinova və Orlovun yenidən saxlanılma səbəbi rəsmi açıqlanmayıb. Sankt-Peterburq mediası bir gün öncə Loqinova barəsində "ordunun nüfuzdan salınması" ilə bağlı inzibati protokolun məhkəməyə təqdim edildiyini yazıb. Daha öncə onun haqqında iki belə protokol tərtib edilib.

"Stoptime" musiqiçiləri Sankt-Peterburq küçələrində tanınmış rusiyalı ifaçılar – Monetoçka, "Noize MC" və Zemfiranın mahnılarını ifa edirdilər. Rusiya hakimiyyəti bu müğənniləri "xarici agent" elan edib. Ancaq "Stoptime" işi "xarici agent"lərin musiqisinin ictimai yerdə ifasına görə təqibin baş verdiyi ilk hadisə sayılır.

28 oktyabr

Müğənni Naoko 13 sutkalıq həbsdən sonra 30 min rubl cərimələnib

Sankt-Peterburqda məhkəmə müğənni Naokonu (Diana Loqinova) Rusiya ordusunu "diskreditasiya etmək" ittihamı ilə 30 min rubl (637 manat) cərimələyib.

Səbəb kimi onun Monetoçkanın "Sən əsgərsən" mahnısını ifa etməsi olub. Xəbəri "Mediazona" yayıb.

"Current Time" yazır ki, məhkəmə iclasından sonra Naokonu azad etməyiblər. Onu dərhal polis şöbəsinə apararaq yeni protokol tərtib etməyə hazırlaşıblar.

Bu dəfə protokolun hansı inzibati maddə üzrə tərtib olunacağı bəlli deyil.

Oktyabrın 27-də Loqinova və "Stoptime" qrupunun musiqiçiləri 13 günlük həbsdən sonra azadlığa çıxmalı idilər, amma yenidən saxlanılıblar.

Naoko

'Stoptime' musiqiçilərini azadlığa çıxan kimi yenidən saxlayıblar

Sankt-Peterburqda "Stoptime" qrupunun gitaraçısı Aleksandr Orlov cəza müddətini başa vurduqdan sonra yenidən saxlanıb. Polis onu bölməyə aparıb.

Qrupun solisti Diana Loqinovanı (Naoko) isə polis birbaşa elə cəzasını çəkib bitirdiyi xüsusi saxlanma məntəqəsindən aparıb. "Current Time" onun bu gün - oktyabrın 28-də səhər saat 6 radələrində azadlığa çıxmalı olduğunu yazır.

"Bumaqa" nəşrinin məlumatına görə, Orlov barəsində Rusiya ordusunu nüfuzdan salmaq ittihamı ilə iki protokol tərtib olunub. Bu, cinayət işi açılması üçün əsas ola bilər.

Qrupun digər üzvü, baraban ifaçısı Vladislav Leontyevin taleyi isə məlum deyil: o da oktyabrın 28-də axşam azadlığa çıxmalı idi.

17 oktyabr

Rusiyada 'xarici agentlər'in məsuliyyətə cəlbi asanlaşdırılır; müğənni həbs olunub

Rusiya prezidenti Vladimir Putin "xarici agent" elan edilən şəxslərin cinayət məsuliyyətinə cəlbini asanlaşdıran qanun imzalayıb.

Cinayət Məcəlləsinin 330.1-ci maddəsinə – "xarici agent"in üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi ilə bağlı maddəyə dəyişiklik edilir. Belə ki, indiyədək İnzibati Xətalar Məcəlləsinin "xarici agent fəaliyyətinin qaydalarının pozulması" maddəsi üzrə iki dəfə cərimədən sonra cinayət işi başlana bilərdi. İndi isə bir dəfə cərimə bəs edəcək.

Dövlət Duması qanun layihəsini sentyabrın 25-də qəbul edib. Təhlükəsizlik komitəsinin rəhbəri Vasili Piskaryov bildirib ki, 2023-2025-ci illər ərzində "xarici agent" kimi tanınan şəxslər barəsində 1620 inzibati protokol tərtib olunub.

"Xarici agent" mahnısı

Sankt-Peterburqda isə küçə müğənnisi Naoko adı ilə tanınan Diana Loqinova saxlanılıb. Bu barədə "Rotonda" nəşrinə məlumat verən Daxili İşlər Nazirliyi onun hansı əsasla saxlanıldığı açıqlanmayıb.

Bilinən odur ki, Loqinovanın vokalisti olduğu "Stoptime" küçə musiqi qrupu Rusiyada "xarici agent" elan olunmuş və müharibəyə qarşı çıxan sənətçilərin mahnılarını da ifa edir. Qrupun ifasında reper NoizeMC-yə aid "Kooperativ "Qu gölü"" mahnısı internetdə geniş yayılıb. Bu haqda xarici media da yazıb. O da qeyd olunub ki, antimüharibə və anti-Putin səslənən bu mahnını sənətçilərlə birlikdə onlarla gənc də birgə oxuyur.

"Stoptime" musiqiçilərini avqustda saxlayıb cərimələyiblər. Amma onlar repertuarı dəyişməyəcəklərini deyiblər.

+++

Sankt-Peterburqun Dzerjinski rayon Məhkəməsi "Stoptime" qrupunun 18 yaşlı vokalçısı Diana Loqinovanı (Naoko) və barabançı Vladislav Leontyevi 13 sutka, gitaraçı Aleksandr Orlovu isə 12 sutka müddətinə inzibati həbs edib. Bu barədə "Mediazona", "Fontanka" və "Bumaqa" xəbər verir.

Musiqiçilərə bu cəza vətəndaşların kütləvi toplaşmasını təşkil etməklə ictimai asayişi pozma maddəsi üzrə verilib.

"Fontanka" yazır ki, Loqinova barəsində "orduya qarşı hörmətsizlik və ya onu nüfuzdan salma" maddəsi üzrə də protokol tərtib olunub, amma, hələlik, məhkəməyə təqdim edilməyib.

Bu, Rusiyada musiqiçinin ictimai şəkildə müxalif mahnı ifa etdiyi üçün ilk həbs halıdır, - "Aqentstvo" yazır.

"Arzuolunmaz" təşkilatın saytına link

Yaroslavl şəhərindəki Lenin rayon Məhkəməsinə isə "arzuolunmaz" təşkilatın fəaliyyətində iştirak ittihamı ilə "Linqvist" dil mərkəzinə qarşı iş daxil olub. "Mediazona" dil mərkəzinin rəhbərliyindən anonim qalmaq istəyən bir şəxsə istinadla yazıb ki, cinayət işinə köhnə bir məqalədə "British Council" təşkilatının saytına linkin verilməsi olub.

"O linki köhnə bir məqalədə tapıblar. Təbii ki, onu tez bir zamanda sildik, amma məhkəmə yenə də keçiriləcək", – mənbə deyib.

Rusiya Baş Prokurorluğu "British Council"ı "arzuolunmaz təşkilat" kimi tanıyıb, təhsil, mədəniyyət sahəsində Britaniyanın maraqlarının təbliğində ittiham edib. Bundan sonra, Rusiyanın ali təhsil müəssisələri "British Council" ilə əlaqəli beş dil imtahanının (IELTS, CAE, CPE, BEC "Vantage" və "BEC Higher") nəticələrini qəbul etməyi dayandırıblar.