Azərbaycanın işğal altındakı ərazilərində hərbi təlimlərə qatılıb, sonra Bakıya gəlib terrora cəhddə suçlanan Rusiya vətəndaşına 10 il həbs cəzası kəsilib. İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində belə hökm çıxarılıb.
Samir Əliyevin sədrlik etdiyi hakimlər heyəti Eduard Dubakovu Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 218 (cinayətkar birliyin tərkibində iştirak) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə təqsirli bilib.
Hakimlər hökmü açıqlamazdan öncə Dubakov məhkəmədə son sözünü deyib. Onun çıxışı qısa olub. Bildirib ki, verilmiş ittihamlar üzrə özünü təqsirli bilmir. O, son sözündə terrorçu olmadığını, Azərbaycan xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etdiyini vurğulayıb.
“Məhkəmənin ədalətinə inanıram...”, - Dubakov son sözünü belə bitirib.
Bir neçə dəqiqəlik müşavirədən sonra açıqlanan hökmə əsasən, Rusiya vətəndaşı ona kəsilən 10 illik azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzası başa çatandan sonra isə Azərbaycandan deportasiya olunması məsələsi də hökmdə əksini tapıb.
E.Dubakov Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı əsasında Azərbaycanda terror və təxribatlar törətmək məqsədilə təlimlər keçməkdə suçlanır. İttihamda göstərilib ki, o, planın icrası məqsədilə 2021-ci ilin yanvarında Bakıya gəlib və bu zaman tutulub.
Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən Kəlbəcər rayonu işğal altında olduğu dövrdə orada hərbi təlimlərə qatıldığını inkar etməyib.
Lakin o iddia edib ki, 2018-ci ildə Belarusla Azərbaycan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub və bu əməkdaşlıq çərçivəsində Ermənistana, Azərbaycanın işğal altında olan ərazilərinə səfərlər edib.
Dubakov eyni zamanda, Rusiya xüsusi xidmət orqanlarıyla da əməkdaşlıq etdiyini söyləyib.