Avropa Komissiyası Rusiyanın Venesiya Biennalesində iştirakına icazə verildiyinə görə tədbirə ayrılmış 2 milyon avroluq maliyyəni kəsib. Açıqlamanı Avropa Komissiyasının təmsilçisi Toma Renye verib.
"Avropa Komissiyasının 2 milyon avroluq qrantın dayandırılması ilə bağlı məktublar göndərdiyini təsdiqləyə bilərəm. Biz Rusiya pavilyonunun açılması qərarını siyasi baxımdan qınayırıq və İtaliya hökumətini bu məsələ ilə məşğul olmağa çağırırıq", –Renye bildirib. O vurğulayıb ki, maliyyənin dayandırılması birbaşa Rusiyanın iştirakı ilə bağlıdır.
Rusiyanın bu müasir incəsənət sərgisində iştirak edəcəyi martın əvvəlində məlum olub. Rusiyanın pavilyonu "Ağac göydə kök salıb" adlandırılıb. Tədbir çərçivəsində Rusiyanın müxtəlif regionlarından, eləcə də Argentina, Braziliya, Mali və Meksikadan sənətçilərin qatıldığı musiqi festivalının təşkil olunacağı bildirilir.
Avropa Komissiyası bəyanatında qeyd edir ki, Aİ ölkələri və qurumları sanksiya rejiminə əməl etməli və Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən və ya ona haqq qazandıran şəxslərə platforma verməkdən çəkinməlidirlər.
Moskva bunu "mədəniyyətin ləğvinə yönəlmiş diskriminasiya səyləri" adlandırıb.
Venesiya Biennalesi iki ildən bir keçirilir, memarlıq, kino, musiqi, rəqs və teatr daxil olmaqla, müxtəlif incəsənət sahələrini əhatələyən ən böyük beynəlxalq mədəniyyət sərgilərindən biridir. Rusiya bu tədbirdə sonuncu dəfə 2022-ci ildə iştirak edib.
Venesiya Biennalesi: "Səlahiyyətimiz yoxdur"
Venesiya Biennalesinin rəhbərliyi Avropa Komissiyasının qərarına cavab olaraq bildirib ki, "hər hansı ölkənin iştirakının qarşısını almaq səlahiyyəti yoxdur. İtaliya Respublikasının rəsmən tanıdığı istənilən ölkə iştirak üçün müraciət edə bilər".
Rusiyanın Ukraynada işğalçı müharibəsi artıq beşinci ildir davam edir. Ukrayna Avropa İttifaqına üzv 21 ölkə ilə birlikdə Moskvanın tədbirdə iştirakının mümkünlüyünü tənqid edən məktub yaymışdı.
Lakin sərgi təşkilatçıları bu tələbi rədd edib. İtaliya baş nazirinin müavini Matteo Salvini isə onları dəstəkləyib.
Bu sərgi müasir incəsənət sahəsində dünyanın ən qədim və ən nüfuzlu tədbirlərindən biridir. O, əsas ekspozisiya ilə yanaşı, ayrı-ayrı ölkələrin təşkil etdiyi milli pavilyonlardan ibarətdir.
Bu il ümumilikdə 99 ölkənin milli pavilyonlarla iştirakı planlaşdırılır.
Biennale bundan əvvəl də İran və İsrail də daxil olmaqla, bəzi ölkələrin kənarlaşdırılması ilə bağlı tələbləri rədd edib.