Rusiya Odessaya raket zərbəsi endirib, 2 nəfər həlak olub

Odessa, 17 iyul

İyulun 17-nə keçən gecə Rusiya qoşunları Odessaya raket zərbəsi endirib. İki nəfər həlak olub. Ölənlərdən birinin hücum zamanı uşaqları ilə parkda gəzən qadın olduğu bildirilir.

Zərbə nəticəsində 11 yaşayış binası, bir neçə avtomobil zədələnib. Son məlumata görə, 10 nəfər yaralanıb, onların arasında iki uşaq da var.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ötən gecə Ukraynaya radiolokasiya əleyhinə bir X-31P raketi, yeddi X-59/69 raketi və 130 dron buraxıb. Ukrayna ordusu beş idarəolunan raketi və 115 dronu vurduğunu bildirib. Bu məlumatları müstəqil mənbələr təsdiqləməyib.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, Odessa vilayətinə "hava bazalı yüksək dəqiqlikli silahlar və zərbə dronları" ilə hücum edib. Nazirliyin iddiasına görə, Odessa və Çernomorsk limanlarında liman infrastrukturu obyektləri, dron istehsalı və yığılması sexləri, həmçinin yanğınsöndürmə kateri vurulub.

Son vaxtlar Rusiya ordusu demək olar ki, hər gün Ukraynanın limanlarına və gəmilərinə zərbələr endirir. Bu hücumlar nəticəsində üçüncü ölkələrin bayraqları altında üzən gəmilərin bir neçə ekipaj üzvü həlak olub.

Ukrayna Qara dənizdə 12 gəminin vurulduğunu bildirib

Ukrayna hərbçiləri iyulun 17-nə keçən gecə Kerçdəki dəmir yolu stansiyasına zərbə endirdiklərini, həmçinin Qara dənizdə yük gəmiləri və tankerlərə hücum etdiklərini bildiriblər.

Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") Qara dənizdə 9 yük gəmisinin, bir tankerin, bir qazdaşıyan gəminin və bir yedək gəmisinin zədələndiyini açıqlayıb.

Onun sözlərinə görə, iyulun 6-dan 17-dək Rusiyanın "kölgə donanması"na məxsus 159 gəmi vurulub. Bunlardan 117-si Azov dənizində, 42-si isə Qara dənizdə olub.

Rusiya Müdafiə Nazirliyi ölkə üzrə, eləcə də ilhaq olunmuş Krım, həmçinin Azov və Qara dəniz üzərində ümumilikdə 243 Ukrayna dronunun vurulduğunu açıqlayıb.