Dekabrın 31-nə keçən gecə Ukrayna dronları Rusiyanın Krasnodar diyarında yerləşən Tuapse şəhərinə hücum edib. İki nəfər xəsarət alıb, limanda körpü zədələnib, “Rosneft”ə məxsus neft emalı zavodu, yaşayış evlərinə ziyan dəyib.
Yerli hakimiyyət orqanları Tuapsedə zavod ərazisində 300 kvadratmetr sahədə baş vermiş yanğının söndürüldüyünü təsdiqləyib. Tuapse limanındakı yanğın da söndürülüb.
Tuapse neft emalı zavodu dəniz terminalı ilə birlikdə “Rosneft”ə daxildir. Şirkətə Vladimir Putinin yaxın dostu və silahdaşı olan İqor Seçin rəhbərlik edir. Ukrayna 2025-ci ilin mart və noyabrında Tuapsedə neft infrastrukturuna zərbələr endirib.
Ötən gecə Yaroslavl vilayətində Rıbinsk şəhərinə də dron hücumu olub. Yanacaq anbarının yandığı bildirilir.
Ukrayna bir neçə aydır Rusiyanın neft emalı zavodlarına, yanacaq anbarlarına zərbələr endirir. Kiyev bunları qanuni hərbi hədəf sayır. Çünki neft, benzin və dizel ya cəbhədə istifadə olunur, ya da satılır, qazanılan vəsait Ukraynada müharibəyə yönəldilir. Ukrayna hərbçiləri hələlik, son hücumları şərh etməyiblər.
Rusiya Ukraynanın bir neçə vilayətinə zərbələr endirib
Dekabrın 31-nə keçən gecə Rusiya Ukraynanın Odessa vilayətinə hücum edib. Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper yaşayış binalarına, logistika və enerji infrastrukturuna zərbələr endirildiyini bildirib.
“Bir neçə çoxmərtəbəli yaşayış binasının fasadları və şüşələri zədələnib. Binalardan birində mənzillərdə yanğınlar baş verib. Mülki avtomobillərə də yanğın nəticəsində ziyan dəyib”, – o yazıb.
Şəhər hərbi administrasiyasının rəhbəri Sergey Lısak isə dörd nəfərin xəsarət aldığını, onlardan 3-nün uşaq olduğunu deyib, vəziyyətləri orta ağırdır. Daha bir yaralı, 42 yaşlı kişi isə ağır vəziyyətdədir.
“Həkimlər, xilasedicilər və şəhər xidmətləri hadisə yerində çalışır”, – Lısak bildirib.
Onun sözlərinə görə, səhər saatlarında Odesanın bir hissəsində elektrik enerjisi, su və istilik təchizatı olmayıb.
Dnepropetrovsk vilayətinin rəhbəri Vladislav Qayvanenkonun dediyinə görə, dekabrın 31-nə keçən gecə Rusiya ordusu dronlar ilə vilayətin Sinelnikov rayonuna hücum edib, iki kişi xəsarət alıb. Nikopol rayonuna isə FPV-dronlar və artilleriya zərbələri qeydə alınıb. Bir fərdi ev, iki avtomobil və elektrik ötürücü xətt zərər görüb.
Kiyev vilayətinin rəhbəri Nikolay Kalaşnik də bu regionda dron hücumları nəticəsində dağıntılar olduğunu bildirib:
“Dron hücumu nəticəsində Belaya Tserkov şəhərində çoxmərtəbəli yaşayış binası zədələnib. Birinci mərtəbədən altıncı mərtəbəyədək pəncərələr sınıb, eyvanlar zədələnib. Sakinlər arasında yaralananlar barədə məlumat daxil olmayıb”.