Avqustun 25-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya bir “İsgəndər-M” ballistik raketi, X-31P idarəolunan aviasiya raketi və 150 zərbə dronu buraxıb. Ukrayna Silahlı Qüvvələri dronlardan 124-ünü vurduğunu bildirir.
Kiyevdə bir qadın xəsarət alıb.
Odessa vilayətində Moldova ilə sərhəd-keçid məntəqəsi hücuma məruz qalıb. Ukrayna zərbələrin “Şahed” tipli dronlarla endirildiyini bildirir. Keçid məntəqəsinin infrastrukturu zədələnib. Moldova tərəfi məntəqədən vətəndaşların və nəqliyyat vasitələrinin keçidinin dayandırıldığını bildirib.
Bundan əvvəl avqustun 21-nə keçən gecə Rusiya hərbçiləri Moldova ilə sərhəddə “Tabaki” sərhəd-keçid məntəqəsini zədələyiblər.
Rusiya qüvvələri Ukraynanın digər vilayətlərinə də zərbələr endirib, xəsarət alanlar var.
Zaporojye vilayətində iki, Xarkovda bir nəfər həlak olub.
Rusiyaya zərbələr
Rusiyanın Krasnodar diyarında isə mülki obyektlərə, o cümlədən neft emalı zavoduna hücum edilib. Məlumatı vilayət qubernatoru Veniamin Kondratyev verib.
Onun sözlərinə görə, dron qalıqları Afipskaya dəmir yolu stansiyasına düşüb. İki nəfər həlak olub, iki nəfər xəsarət alıb. Neft emalı müəssisəsinin ərazisində yanğın olub.
Teleqram kanalları gecə saatlarında Afipski neft emalı zavoduna dronların zərbə endirdiyini yazıb. Ukraynanın “Supernova+” OSINT kanalımım məlumatına görə, müəssisənin ərazisində rezervuarlardan biri yanıb.
“Supernova+” kanalı həmçinin dronların Rostov vilayətində Novoşaxtinsk Neft Məhsulları Zavoduna hücum etdiyini iddia edib. Rostov vilayətinin qubernatoru Yuri Slyusar neft emalı zavoduna hücumu təsdiqləyib. Onun sözlərinə görə, zavoda ziyan dəyib və müəssisə fəaliyyətini müvəqqəti dayandırıb.
Rusiya Müdafiə Nazirliyi bir sıra vilayətləri, ilhaq edilmiş Krım üzərində 148 hava hədəfinin vurulduğunu bildirib.