Ukrayna Kirovdakı hərbi zavodu, Rusiya Kiyevdəki poliqonu vurdu

Kiyevə raket zərbəsi

Rusiyanın iyulun 24-də Kiyev vilayətində müdafiə sənayesi tədbiri keçirilən məkana ballistik raket zərbəsi endirməsi nəticəsində 10 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb.

Bu barədə "Reuters" agentliyi Ukrayna rəsmiləri və müdafiə sənayesi nümayəndələrinə istinadən yazır.

Ukrayna prezidenti Volodimir Zelenski hədəf alınan obyektin adını açıqlamayıb, araşdırma aparıldığını bildirib.

Bəzi məlumatlara görə, raketlər "Armada" pilotsuz sistemlər sərgisinin keçirildiyi poliqona düşüb, amma bu, hələlik rəsmən təsdiqlənməyib.

Rusiya Müdafiə Nazirliyi Kiyev ətrafındakı obyektlərdən birinə uzaqmənzilli yüksək dəqiqlikli silahla qrup zərbəsi endirildiyini bildirib: "Həmin obyektdə Ukrayna və xarici ölkələrin istehsalı olan, o cümlədən Rusiya ərazisindəki mülki obyektlərə zərbə endirmək üçün istifadə edilən perspektivli pilotsuz uçuş aparatlarının nümayişi keçirilirdi".

"Avitek" zavoduna raket zərbəsi: Ölənlər var

Ukraynanın Rusiyanın Kirov şəhərindəki "Avitek" zavoduna raket zərbəsində altı nəfər həlak olub. Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov hadisə zamanı daha 26 nəfərin yaralandığını bildirib.

Ukraynanın "Exilenova+" və "Supernova+" monitorinq kanalları xəbər verir ki, müdafiə sənayesi zavodu Ukraynaya məxsus "Flaminqo" raketi ilə vurulub.

"Avitek" zavodunda hərbi təyinatlı məhsullar, o cümlədən hava hücumundan müdafiə sistemləri və aviasiya komponentləri istehsal olunur. Müəssisə Avropa İttifaqı, ABŞ və digər ölkələrin sanksiya siyahısındadır.