Zelenski: Kiyevdə bir milyondan çox insan işıqsız qalıb

Rusiyanın mülki infrastruktura gecə raket və dron hücumlarından sonra binalar elektriksiz qalıb.

Yanvarın 20-də axşam Kiyevdə Rusiyanın hücumları nəticəsində bir milyondan çox istehlakçı işıqsız qalıb. Bunu Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.

Prezident deyib ki, Kiyevdə 4 minə yaxın çoxmərtəbəli binada hələ də istilik yoxdur. Səhər saatlarında 5 min 600-dən çox binada istilik olmayıb, sonradan bəzilərində istilik təchizatı bərpa edilib.

Zelenski bildirib ki, elektrik enerjisinin istehsalını və istehlakını yenidən bölüşdürməklə bağlı tədbirlər müzakirə olunacaq. O, Ukrayna Hava Qüvvələrinin Rusiya dronlarını zərərsizləşdirməsi işini qənaətbəxş saymadığını bildirib. Bu mövzunu yeni müdafiə naziri Mixaylo Fyodorovla müzakirə etdiyini söyləyib.

Yanvarın 20-sinə keçən gecə Rusiyanın Ukraynaya 372 pilotsuz uçuş aparatı və raketlə hücum etdiyi bildirilir. Əsasən enerji obyektləri, Kiyevdəki infrastruktur vurulub. Ukraynanın digər bölgələrində də işıq kəsilib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) məlumatına görə, Rusiyanın kütləvi hücumunda Ukraynanın bir neçə elektrik stansiyası, nüvə təhlükəsizliyi üçün həyati əhəmiyyətli stansiyalar zərər görüb. Agentliyin rəhbəri Rafael Qrossi bildirib ki, Çernobıl Atom Elektrik Stansiyası tamamilə xarici enerji təchizatından kəsilib, digər atom elektrik stansiyalarına gedən xətlərə də ziyan dəyib.

+++

Yanvarın 21-də səhər Ukrayna dronlarının qalıqları Rusiyanın cənubundakı Krasnodar diyarında Afipski neft emalı zavodunda yanğına səbəb olub. Yerli fövqəladə hallar mərkəzinin məlumatına görə, xəsarət alan olmayıb, ziyan dəyməyib və yanğın söndürülüb.

Elə həmin gün Ukrayna dronları Rusiyanın cənubunda müxtəlif şəhərlərə zərbələr endirib, 11 nəfər yaralanıb və bir neçə sakin təxliyə edilib.

Afipski zavodu, əsasən, ixracyönümlüdür, son aylar Ukraynanın ardıcıl dron hücumlarına məruz qalıb.

Bu arada Moskva döyüş meydanında irəliləyir, Ukraynanın ciddi zərər görmüş enerji sisteminə qış kampaniyasını da gücləndirib.