Sentyabrın 3-də Rusiya qüvvələri Donetsk vilayətinin Konstantinovka şəhərinə zərbələr endirib, 9 nəfər həlak olub, 7 nəfər yaralanıb. Məlumatı vilayət başçısı Vadim Filaşkin yayıb.
Səhər saatlarında Rusiya ordusu şəhəri artilleriya atəşinə tutub: 8 nəfər həlak olub, 6 nəfər yaralanıb. İki çoxmərtəbəli bina, bir fərdi ev, mağaza, ticarət mərkəzi və beş ticarət pavilyonuna ziyan dəyib.
Rusiya hərbçiləri gün ərzində iki dəfə FPV-dronlarla mülki avtomobillərə hücumlar ediblər. Nəticədə bir qadın həlak olub, bir nəfər yaralanıb.
V.Filaşkin vilayət sakinlərini Rusiya hərbçilərinə "bu ölümcül oyunda" kömək etməməyə, təhlükəli yerlərdən təxliyə olunmağa çağırıb.
Ukraynanın Donetsk vilayətinin təxminən 70 faizi Rusiyanın nəzarətindədir.