Ukrayna hakimiyyəti iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edib.
Ukraynaya viza almaq üçün Rusiya sakinləri səkkiz şəhərdə "VFS Global" viza mərkəzlərindən birinə müraciət edə bilərlər. Müraciətlərə üçüncü ölkələrdəki Ukrayna diplomatları baxacaqlar. Məsələ burasındadır ki, fevralın 24-də Rusiyanın bu ölkəyə hərbi təcavüzü başlayandan sonra Ukrayna onunla diplomatik əlaqələri kəsib, ukraynalı diplomatların hamısı ölkəni tərk edib.
Amma hətta vizanın olması Rusiya vətəndaşının Ukraynaya buraxılmasına 100 faiz zəmanət vermir. Son qərarı nəzarət-buraxılış məntəqələrində sərhədçilər verəcək.
Ukrayna Prezidenti Vladimir Zelenski iyunun ortalarında rusiyalılar üçün viza qaydalarını bəyan edərkən deyirdi ki, hakimiyyət bu addımı milli təhlükəsizliyə görünməmiş təhdidlərə müqavimət çərçivəsində atıb.
Rusiya Xarici İşlər Nazirliyindən isə bildirilib ki, ölkənin milli maraqlarından çıxış edərək və humanitar tərəfi nəzərə alınmaqla mümkün cavab tədbirləri görülə bilər.
Rusiya ilə Ukrayna arasında vizasız rejim Krımın ilhaqı və Donbasda hərbi münaqişənin (2014) başlanmasından sonra da qüvvədə idi. Rusiyalılar yarım ildə bir dəfə 90 günədək Ukraynada qala bilərdilər. Onlar ölkəyə yalnız xarici pasportla və sərhəddə ciddi yoxlamadan sonra girə bilərdilər. 2014-cü ildən sonra Ukraynaya gələn Rusiya vətəndaşlarının sayı kəskin azalıb.
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2021-ci ildə Ukrayna sərhədini yarım milyon rusiyalı keçib, 7 mininə müxtəlif səbəblərə görə imtina cavabı verilib. Müharibə vaxtı gələn rusiyalıların sayı bilinmir. Hazırda Rusiya və Belarusla bütün sərhəd məntəqələri bağlıdır. Rusiyalılar Ukraynaya ancaq digər ölkələrdən – Polşa, Slovakiya, Rumıniya, Macarıstan və Moldovadan gələ bilirlər.