Zelenski Rusiya ilə müharibəni bitirə biləcək 'baza' sənədlərin hazır olduğunu deyir

Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff

Ukrayna prezidenti Volodimir Zelenski deyir ki, Rusiya ilə müharibənin başa çatması ilə bağlı "baza" sənədlərin hazır olduğunu söyləmək olar. Bu haqda o, dekabrın 22-də Kiyevdə jurnalistlərə danışıb.

Zelenskinin sözlərinə görə, bu sənədlərdə öncəki kimi elə müddəalar var ki, tərəflərdən biri onunla razı deyil. Amma 20 bənddən ibarət sülh planı sülh danışıqlarının əsasını təşkil edir.

Prezident deyib ki, dekabrın 23-də səhər Mayamidə ABŞ təmsilçiləri ilə danışıqlardan qayıdan Ukrayna nümayəndələrindən informasiya alacaq.

Kiyev ABŞ təmsilçilərindən Rusiyanın elçisi Kirill Dmitriyevlə görüşlə bağlı da informasiya gözləyir. ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff bu danışıqların konstruktiv keçdiyini demişdi.

Zelenskinin dediyinə görə, 20-bəndlik çərçivə sənədindən savayı, ABŞ-nin təhlükəsizlik zəmanətlərinə dair sənəd də mövcuddur və "yetərincə ləyaqətli görünür". O, hər iki ölkə təmsilçilərinin sənəd üzərində işlədiyini deyib, "bu isə bizim real nəticəyə çox yaxın olduğumuzu göstərir". Ukraynanın müharibədən sonrakı bərpası üzrə də sənəd layihəsi hazırlanır.

Zelenski təhlükəsizlik zəmanətlərinin bir neçə səviyyəni əhatə edəcəyini vurğulayıb. "İstəklilər koalisiyası"nın 30-a yaxın üzvü "Ukraynanın təhlükəsizliyini səmadan, qurudan və dənizdən təmin edəcək", - o əlavə edib. O, ABŞ zəmanətlərinin ayrıca müzakirə olunduğunu, Konqresdə təsdiqlənməli olduğunu bildirib.

Ukrayna prezidenti Rusiyanın Milad atəşkəsinə razılaşmadığını deyərək xəbərdarlıq edib ki, Moskva bayram günlərində (24-26 dekabr) Ukraynaya güclü hava zərbəsi endirə bilər.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens dekabrın 22-də "UnHerd"ə müsahibəsində deyib k, danışıqlarda dönüş yaranıb, mübahisəli məsələlərin hamısı əhatələnib. O, Rusiyanın əsas tələbinin danışıqlarda ciddi əngəl olduğunu təsdiqləyib. Söhbət Donetsk vilayətinə nəzarətdən gedir, Ukrayna Rusiyaya ərazi güzəştə getməyəcəyini bildirir.

"Sülh yoluyla həllə nail olacağımızı tam əminliklə deyə bilmərəm. Fikrimcə, bunu edəcəyimiz ehtimalı böyükdür, amma etməyəcəyimiz ehtimalı da böyükdür", – ABŞ vitse-prezidenti deyib.