Ukraynada yaz cəbhəsi: İtirilmiş ərazilər geri qaytarılır, itkilər artır

Yaz palçığı tankların – istər Ukrayna, istərsə də Rusiya tərəfinin olsun – manevr etməsini çətinləşdirir.

Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı təcavüzkar müharibə artıq beşinci ildir ki davam edir. Hazırda cəbhə xəttində aktiv əks-hücum əməliyyatları reallaşdırılır.

Pokrovskdan şimalda yerləşən tarlalar və meşə yolları palçıq içindədir. Bu təbii şərait həm Ukrayna, həm də Rusiya qüvvələrinin hərəkətini xeyli ləngidir. Belə çətin vəziyyətdə xüsusi texnikalar köməyə çatır.

"Kvadrisikl daha çevikdir, ətrafı daha yaxşı görməyə imkan verir, ehtiyac yarananda isə ondan tez düşmək mümkündür. O, adi maşınların ilişib qaldığı yerlərdən rahatlıqla keçə bilir", – deyə Ukrayna Silahlı Qüvvələrinin 152-ci Əlahiddə Yeger Briqadasının "Bars" çağırış adlı əsgəri bildirir. O, mövqelərə çatmağın həmişə asan olmadığını da əlavə edir: "Yolda ya minaya düşə bilərsən, ya da pilotsuz uçuş aparatı (PUA) səni hədəf alar".

AzadlıqRadiosunun jurnalistləri Mayk EkkelYeqor Loqinov bu yaz cəbhədəki mənzərənin fərqli olduğunu yazırlar.

Finlandiyanın "Black Bird Group" araşdırma təşkilatının hərbi analitiki Pasi Paroinen qeyd edir: "Bir sıra ciddi təhlükələrin qalmasına baxmayaraq, hazırda ümumi vəziyyət ukraynalılar üçün son bir neçə ildəkindən daha yaxşı görünür".

Cəbhədəki vəziyyəti izləyən ekspertlər və hərbi təhlilçilər mayın ortalarında Ukrayna qüvvələrinin itirdiyindən daha çox ərazini geri aldığını bildirirlər. Bu, cari il ərzində artıq ikinci belə analoji haldır.

Lakin bu uğurlar hələlik kiçik xarakter daşıyır və müharibənin ümumi gedişatında dönüş yaratmır. Digər tərəfdən, taktika və texnologiyadakı yeniliklər səbəbindən artıq aydın cəbhə xətti mövcud deyil. Bu isə ərazi qazancını və ya itkisini dəqiq ölçməyi çətinləşdirir.

Ukrayna ordusu ilə sıx əlaqələri olan "DeepState" monitorinq qrupunun məlumatına görə, mayın ortalarınadək Rusiyanın irəliləməsi faktiki olaraq dayanıb, hətta bəzi istiqamətlərdə geriləmə qeydə alınıb. Bu nəticələr ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) qiymətləndirmələri ilə də üst-üstə düşür.

"Hələlik tam olaraq Ukraynanın xeyrinə dəyişən bir vəziyyət yoxdur. Ukraynalıların yaxın vaxtlarda genişmiqyaslı əks-hücuma keçməsi ehtimalı azdır. Lakin Rusiya da çətinliklə irəliləyir və müharibə hazırda, müvəqqəti də olsa, dalana dirənib", – deyə Paroinen qeyd edir.

Yayı gözləyək...

Hava şəraiti yaxşılaşdıqca torpaq bərkiyir, bitki örtüyü isə sıxlaşır. Bu amil əsgərlərə dronlardan gizlənmək imkanı verir, döyüşlərin intensivliyini artırır. Ukrayna, Rusiya və Qərb müşahidəçiləri bu ilin də istisna təşkil etmədiyini vurğulayırlar.

Ekspertlərin fikrincə, PUA-ların, onlara qarşı müdafiə vasitələrinin və yeni texnologiyaların geniş tətbiqi klassik cəbhə xətti anlayışını sıradan çıxarıb. Əvəzində "öldürmə zonası" adlanan geniş boz ərazilər yaranıb. Burada həm əsgərlər, həm də təchizat xətləri daim real təhlükə altındadır.

Yanvarın sonu və fevralda həyata keçirilən əks-hücumlar zamanı Ukrayna qüvvələri əsasən Qulyaypole yaxınlığında təxminən 37 kvadratkilometr ərazini geri qaytarmışdı. Lakin Rusiya qoşunları sonradan bu mövqelərin bir hissəsini yenidən ələ keçirə bilib.

Mayın əvvəlində isə Ukrayna qüvvələri Xarkov vilayətinin şərqində, Kupyansk yaxınlığında müəyyən qədər irəliləyib. Kiyev 2022-ci ilin sonunda şəhəri azad etsə də, sonra yenidən itirmiş və ötən il nəzarəti yenidən bərpa etmişdi. Mayın 15-də Ukrayna ordusu Kupyanskın şimalındakı Odradne kəndini tam nəzarətə götürüb.

Paroinen Rusiyanın təşəbbüsü hələ də saxladığını, lakin irəliləməkdə ciddi çətinlik çəkdiyini deyir: "Yayda Rusiya ordusunun tamamilə ilişib qaldığı, yoxsa yenidən sürət qazanacağı daha dəqiq bilinəcək".

"Bədəli həddən artıq böyükdür"

Rusiya daha böyük əhali resursu hesabına cəbhəyə fasiləsiz canlı qüvvə göndərməklə müharibədə irəliləməyə çalışır. Bu əsgərlərin çoxu Ukraynanın müdafiə xətlərini yarmaq üçün "ətçəkən" adlandırılan ön xətt hücumlarına cəlb olunur. Nəticədə qarşı tərəfin itkiləri xeyli ağır olub.

"The Economist" jurnalının hesablamalarına görə, 280 mindən 518 minədək Rusiya əsgəri həlak olub, ümumi itkilər isə 1.1 milyondan 1.5 milyona qədərdir. "Mediazona" və "Meduza" nəşrlərinin birgə araşdırması isə 2025-ci ilin sonunadək Rusiyanın 352 min hərbçisinin həlak olduğunu göstərir.

Niderland hərbi kəşfiyyatı ötən ay yayımladığı illik hesabatda Rusiyanın ölən hərbçilərinin sayının 500 mini keçdiyini, ölən və ağır yaralıların ümumi sayının isə 1.2 milyona çatdığını açıqlayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Döyüşlərin taleyini dəyişən 500 dollarlıq silah

Ukraynanın müdafiə naziri apreldə qeyd edirdi ki, əsas məqsəd Rusiyanın hər ay döyüşlərə göndərdiyi təxminən 35 min nəfərlik qüvvədən daha çox hərbçini zərərsizləşdirməkdir. Ukraynanın rəsmi nümayəndələrindən Mixaylo Fyodorov mövzu ilə bağlı deyib: "Ukrayna torpağının hər metri üçün düşmənin ödəyəcəyi bədəl həddən artıq böyük olacaq".

Əhalisi Rusiyadan təxminən üç dəfə az olan Ukraynanın da vəziyyəti asan deyil. Niderland kəşfiyyatının hesablamalarına görə, Ukrayna tərəfinin itkiləri təxminən 500 min nəfərdir. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) qiymətləndirməsi də oxşardır: 2025-ci ilin sonunadək Ukraynanın ümumi itkiləri (ölən, yaralanan və itkin düşənlər) 500-600 min nəfər, ölənlərin sayı isə təxminən 140 min nəfər təşkil edib.

Niderland rəsmilərinin fikrincə, tendensiya Ukrayna üçün mənfidir, çünki Rusiya ilə müqayisədə onun canlı qüvvə itkilərini bərpa etmək imkanları olduqca məhduddur.

Kupyanskdan cənuba doğru

Kupyansk təxminən 1100 kilometrlik təmas xəttində Ukrayna üçün müsbət irəliləyiş sayıla bilər. Lakin Donetsk vilayətindəki Kramatorsk və Slavyansk şəhərləri ətrafındakı vəziyyət daha problemlidir. Ukraynalılar bu əraziləri "qala xətti" adlandırırlar.

Rusiya rəsmiləri açıq şəkildə bəyan edirlər ki, bu iki şəhərin istər hərbi, istərsə də diplomatik yolla ələ keçirilməsi onlar üçün prioritetdir. İlin əvvəlindən Rusiya qüvvələri Kramatorskdan təxminən 30 kilometr cənubda yerləşən Kostantinovkaya doğru yavaş-yavaş irəliləyir.

Paroinen proqnozlaşdırır ki, bu yay əsas döyüş məhz Kostantinovkada baş tutacaq və şəhər yayın sonunadək Rusiyanın nəzarətinə keçə bilər. Bununla belə, onun fikrincə, bu itki regionda Ukrayna müdafiəsinin tamamilə çökməsinə səbəb olmayacaq.

Martda Rusiyanın intensiv hücumlarına məruz qalan, lakin işğal edilə bilməyən Liman şəhəri də risk altındadır. Təhlilçilər bunu şəhəri müdafiə edən Ukrayna bölmələrinin həddindən artıq yorğunluğu ilə izah edirlər.

Diplomatiya iflasa uğrayıb?

Rusiya qüvvələri Donetsk vilayətinin tam işğalına nail ola bilmədiyi üçün Moskva diplomatiyaya ümid bəsləyir. Rusiya təmsilçiləri Ağ ev rəsmiləri ilə dəfələrlə qapalı görüşlər keçirib. ABŞ-nin əsas elçisi Stiv Uitkoff Rusiya prezidenti Vladimir Putinlə səkkiz dəfə görüşüb.

Lakin bu diplomatik səylər hazırda tamamilə dayanıb. Həm Rusiya, həm də Ukrayna rəsmi mənbələri bildirirlər ki, Donald Tramp administrasiyası hazırda diqqətini tam olaraq İran müharibəsinə yönəldib. Sözügedən münaqişə artıq üçüncü ayına keçib, tətbiq edilən atəşkəs olduqca kövrəkdir və problemin real həll perspektivi görünmür.

Bu arada Ukrayna döyüş meydanından kənarda da üstünlük qazanmağa çalışır. Rusiyanın neft emalı zavodlarına, ixrac terminallarına və digər strateji obyektlərinə ardıcıl dron hücumları təşkil edilir. Bu səbəbdən Moskva Qələbə Günü paradını daha məhdud formatda keçirməyə məcbur olub.

"Müharibə Rusiyada getdikcə daha qeyri-populyar xarakter alır. Moskva həm maliyyələşmə, həm də canlı qüvvə baxımından daha ciddi çətinliklərlə üzləşəcək. Ukrayna isə Rusiyanın enerji infrastrukturu və hərbi logistikasına zərbələri artırır, eyni zamanda cəbhə xəttinin arxasında kilometrlərlə uzanan yeni müdafiə sədləri qurur", – deyə Paroinen bildirir.

Kiyevdə yerləşən Gələcək İnstitutunun eksperti, keçmiş kəşfiyyatçı İvan Stupak "Current Time" kanalına müsahibəsində mövzuya belə yekun vurub: "Moskva sakinlərinə nümayiş etdirirlər ki, müharibə yalnız YouTube-da və ya televiziyada izlənilən bir hadisə deyil. Moskva artıq müharibənin acı reallıqlarını birbaşa öz üzərində hiss etməyə başlayır".