Rusiya Ukraynadan öncə Gürcüstana hücum etmişdi. Moskva 2008-ci ildə münaqişədən qalib çıxdı. Amma Rusiyanın silahlı qüvvələrində ciddi yenilənmənin vacibliyini göstərdi.
Yarımçıq islah olunmuş Rusiya ordusu dörd il öncə yenidən sınağa çəkildi. Bu dəfə yüz minlərlə hərbçi ilə Ukraynaya hücum etdi. Müharibədə ölü və yaralı sayı 1.2 milyonu keçib və Moskva hələ də qalib gəlməyib.
AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı müxbiri Mayk Ekkel Rusiya silahlı qüvvələrinin hələ də öyrəndiyini yazır. Sual budur ki, 2022-ci il fevralın 24-dən bəri nə qədər öyrəniblər.
"Döyüş meydanının şərtlərinə uyğunlaşırlar, amma strategiya və əməliyyatlar baxımından daha qalıcı dəyişikliklər sonradan baş verəcək", – Rusiyanın silahlı qüvvələri üzrə ekspert, Karneqi Beynəlxalq Sülh Fondunun aparıcı elmi işçisi Dara Massikot radioya deyib.
Londonda yerləşən "Royal United Services Institute" təhlil mərkəzindən Nik Reynolds da Rusiya ordusunun keçdiyi prosesi islahat deyil, daha çox adaptasiya sayır. "Rusiya gələcəkdə effektiv döyüşə biləcək ideal qüvvəni qurmur. Qarşısına çıxan problemləri həll etmək üçün əməliyyat çətinliklərini aradan qaldırır, öz standartlarına uyğun yetərincə yaxşı bir qüvvə formalaşdırmağa çalışır", – o əlavə edib.
"Rusiya ordusu uğursuzluqlardan dərs çıxarır… təcrübəli hərbçilərini və texnikasını eyni vaxtda itirir, müharibənin növbəti mərhələsində sağ qalmağı öyrənir", - bunu isə Finlandiya Milli Müdafiə Universitetinin Rusiya Araşdırmaları Qrupunun professoru, polkovnik-leytenant Yuha Kukkola bildirib.
"Çıxarılan dərslər isə bu müharibənin ehtiyaclarına uyğundur, növbəti müharibə üçün uyğun olmaya bilər", – təhlilçi vurğulayıb.
Rusiya müdafiə naziri Anatoli Serdyukov Qırmızı Meydanda 9 May paradında. 2013
Gürcüstan və Ukrayna arasında
Gürcüstanda qarmaqarışıq müharibədən sonra ozamankı müdafiə naziri Anatoli Serdyukova orduda böyük dəyişikliklər etmək tapşırılmışdı. O, ordunun ümumi sayını azaltmağa çalışdı, hərbi təhsili yenidən təşkil etdi, yeni tanklara, yeni zirehli transportyorlara, yeni raketlərə böyük sərmayələr qoyuldu, Gürcüstanda uğursuz olmuş rabitə sistemləri yeniləndi.
Ancaq 2012-ci ildə prezident Vladimir Putin qalmaqal fonunda onu vəzifədən azad etdi. Yerinə Putinin çoxdankı yaxın adamı Sergey Şoyqu gətirildi. O isə əlavə modernləşmə yönündə ciddi addımlar atmadı.
"Serdyukovun islahatları Rusiyanın lokal müharibə aparmaq qabiliyyətini yaxşılaşdırmağa yönəlmişdi", – Helsinki Universitetinin Finlandiya Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin professoru Katri Pinnoniemi belə deyir. "Təxminən 2012-ci ildən istiqamət dəyişdi. Diqqət daha böyük müharibəyə hazırlığa yönəldi… Əslində böyük dəyişiklik olmadı, amma Rusiya rejimində təhlükəni qavrama dəyişdi. Bu isə islahatları dayandırdı".
Sonra Kreml Suriyada əməliyyat apardı. Mütəxəssislərin fikrincə, orada koordinasiyalı hava zərbələri kimi əməliyyatlarda dəyərli təcrübə qazandı. Bu zaman yerdəki hərbçilər konkret hədəfləri vurmaq üçün havadakı pilotlarla birbaşa əlaqəyə girir.
Dörd il öncə kənar müşahidəçilər daha böyük, daha yaxşı silahlanmış Rusiya ordusunun bir neçə günə Kiyevə girəcəyini gözləyirdilər. Amma belə olmadı, həm Ukraynanın qətiyyəti, həm də Rusiyanın zəif əməliyyatları ucbatından.
İl ərzində Ukrayna qüvvələri iki əks-hücum əməliyyatı gerçəkləşdirdi, Rusiya ordusunu geriyə oturtdu: cənubda Xerson və şimal-şərqdə Xarkov bölgəsində.
Kreml bu arada komandirləri tez-tez dəyişirdi. General Sergey Surovikin Rusiyanın mövqelərini sabitləşdirməyə nail olmuşdu. Sonradan "Surovikin xətləri" adlandırılan geniş, çoxqatlı müdafiə qurğuları inşa etmişdi. 2023-cü ilin iyununda isə onun adı "Vaqner" muzdlu dəstəsinin rəhbəri Yevgeni Priqojinin qiyamı ilə əlaqəli çəkildi.
Sizin brauzer HTML5-i dəstəkləmir
Döyüşlərin taleyini dəyişən 500 dollarlıq silah
Köhnə taktikalar
Rusiya komandirləri köhnə sovet taktikalarına qayıtdılar: Ukraynanın müdafiəsini yarmağa piyadaları göndərirdilər. Onlar adətən zəif təlim görmüş, yüngül silahlanmış şəxslər, bəzən də məhbuslar olurdu, verilən itki sayına görə bu taktika "ət dəyirmanı" kimi tanınmağa başladı.
Son vaxtlar isə zabitlər yüngül silahlı şəxsləri motosikletlərlə Ukraynanın müdafiə xətlərini yarmağa göndərirlər, məqsəd sürətli hərəkət edərək dronlardan yayınmaqdır.
Nəticə oldumu? Rusiya İkinci Dünya müharibəsindən bəri apardığı bütün müharibələrin cəmindən daha çox itki verib.
Reynolds deyir ki, onlar zirehli texnikalarının böyük hissəsini itiriblər, artıq onları əvvəlki kimi ön xəttə eyni formada, eyni sayda yerləşdirmirlər. Təhlilçiyə görə, məqsəd piyada hücumları ilə mövqeyi saxlamaqdır: "Çox yüksək itkiləri qəbul edirlər. Quru qoşunları, piyada və zirehli qüvvələr o qədər də qabiliyyətli deyil".
Massikot isə ön xətt bölmələrində geniş yayılmış intizam problemlərinin olduğunu deyir: "Rusiya ordusunda gözlənən dəyişiklikləri "islahat" adlandırmaqda çətinlik çəkirəm, çünki islahat problemlərin etirafını, onları aradan qaldırmaq istəyi tələb edir. Məncə, hazırda ön xətdəki bu problemləri etiraf etməyə hazır deyillər".
Elektron cəbhə
Mütəxəssislərin Rusiyanın artilleriya taktikası və elektron müharibə imkanlarını vurğulayırlar. Onların dronları, təyyarə radarlarını susdurmaq bacarığı böyükdür.
Ekspertlər deyir, dronlar həm Rusiya, həm də Ukrayna üçün müharibəni tamamilə dəyişib: kamikadze tipli "Qeran" dronları, ağır yük daşıyan təchizat dronları, FPV-dronlar, fiber-optik kabellə idarə olunan dronlar. Dron imkanları axsayan Rusiya İrandan minlərlə qurğu və texnologiya alıb, daxili istehsalını inkişaf etdirib. Rusiyanın "Rubikon" bölməsi Ukrayna qüvvələrinə ciddi zərbə vurub.
Kukkolanın fikrincə, Rusiya üçün həlledici amil onun daha böyük olmasıdır: "Belə müharibədə rəqibindən "daha yaxşı" olmaq vacib deyil, daha çox insan və maddi resurslara malik olmaq kifayətdir, başqa heç nə olmasa belə, zaman strateji vəziyyəti dəyişir".