Ukrayna və Rusiya meyitləri dəyişiblər

Meyitlərin mübadiləsi

Ukrayna və Rusiya həlak olan şəxslərin meyitlərinin daha bir mübadiləsini aparıblar. Məlumatı Ukraynanın Hərbi Əsirlər üzrə Koordinasiya Qərargahı və Rusiya prezidentinin köməkçisi Vladimir Medinski verib.

Qərargahın bildirdiyinə görə, Ukraynaya 1003 nəfərin meyiti qaytarılıb.

Medinski yazıb ki, Ukraynaya 1000 cəsəd, Rusiyaya 26 cəsəd verilib. O, mübadilənin İstanbul razılaşmaları çərçivəsində aparıldığını deyib.

2025-ci il iyunun 2-də İstanbulda birbaşa danışıqların ikinci raundunda Ukrayna və Rusiya bütün ağır xəstə hərbi əsirlərin, həlak olmuş hərbçilərin meyitlərini "6 minə 6 min" formulu üzrə, eləcə də 18-25 yaş arası şəxslərin mübadiləsinə razılaşıblar. Artıq bu saydan daha artıq meyit dəyişdirilib. Daha öncəki mübadilə noyabrda gerçəkləşib.

Ukrayna prezidenti Volodimir Zelenski daha öncə demişdi ki, həlak olanların cəsədlərinin mübadiləsi zamanı Rusiya Kiyevə ukraynalı olmayan 20 nəfərin cəsədini verib. Rusiya tərəfinin buna reaksiyası ilə bağlı sualı isə belə cavablandırıb: "Heç cür. Deyirlər ki, bu mümkün deyil".