Mayın sonlarında Ukrayna komandirləri ölkənin döyüşlərdə ən təcrübəli bəzi bölmələrinə Donetsk vilayətinin Slavyansk şəhərindən təxminən 50 kilometr şimalda səssizcə mövqe tutmaq əmri verdilər.
Ukraynanın Üçüncü Ordu Korpusunun bölmələri 1100 kilometrlik cəbhə xəttinin bir hissəsində Rusiyanın 20-ci Ümumqoşun Ordusu ilə üz-üzə gəldilər. Rusiya ordusu onda Jerebets çayının qərb sahilindən qərbə yol açırdı. Rusiyanın məqsədi Donetsk vilayətində Ukraynanın nəzarətində qalan iki əsas şəhərdən biri olan Slavyanskdakı Ukrayna qüvvələrinin təchizat yollarını kəsmək idi.
Yayda Ukrayna qüvvələri Liman şəhərindən şimala doğru irəliləyir, cənubda isə Redkodub, Katerinovka və Novoye kəndlərinə doğru hərəkət edirdi.
AzadlıqRadiosunun jurnalisti Mayk Ekkel açıq mənbələrlə işləyən araşdırmaçılara, döyüş bölgəsinə səfər etmiş ekspertlərə, Ukrayna və Rusiya hərbi bloqerlərinə istinadla bu əməliyyatın Ukrayna qüvvələri üçün vacib uğurla nəticələnmək üzrə olduğunu yazır. Ərazidəki Rusiya qüvvələrinin böyük hissəsi Jerebets çayına qədər geri çəkilib, kiçik əsgər qrupları isə mühasirəyə düşüb, yaxın günlərdə əsir götürülmə və ya öldürülmə ehtimalı var.
Bu uğur hələlik Ukrayna müdafiə qüvvələrinə təzyiqi azaldır. Kiyev hazırda Slavyansk və Kramatorsk şəhərlərinin də daxil olduğu zolağı qorumağa çalışır.
UKRAYNANIN SƏSSİZ ƏKS-HÜCUMU RUSİYA ORDUSUNU GERİ OTURDUR
İnformasiyasızlıq
Dörd aya yaxındır davam edən hücum həm də qeyri-adi informasiya vakuumu şəraitində aparılıb. Son günlərədək nə Ukrayna, nə də Rusiyanın Telegram-dakı hərbi bloqerlərinə əməliyyatla bağlı məlumat sızıb.
"Ukraynalılar ərazinin bir hissəsini geri alıblar. Rusiya isə daha çox ərazi itirib", – Polşada yaşayan hərbi ekspert, Ukraynanın cəbhə xəttində xeyli vaxt keçirmiş Konrad Muzıka AzadlıqRadiosuna deyib.
Onun fikrincə, bu, Liman ətrafında baş verənlərə görə deyil, Rusiyanın Slavyansk-Kramatorsk ərazisini şimaldan və cənubdan mühasirəyə almaq planını pozduğuna görə əhəmiyyətlidir.
"Rusiya davamlı şəkildə Donetsk vilayətini bütünlükdə mühasirəyə almağa çalışır. Hələlik şimal istiqamətindəki cəhdin qarşısı alınmış kimi görünür", – Vaşinqtonda yerləşən Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya ordusu üzrə eksperti Dara Massikot belə deyir.
Bu arada Rusiyanın Telegram-dakı hərbi kanallarında da Ukraynanın əhəmiyyətli irəliləyiş əldə etdiyi bildirilir.
"Liman cəbhəsində məğlubiyyət", – keçmiş ukraynalı siyasətçi və tanınmış Telegram bloqeri Anatoli Şariy yazıb. O, Ukraynada dövlətə xəyanətdə təqsirli bilinərək qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilib.
Əvvəllər Rusiyanın Müdafiə Nazirliyi ilə əlaqəli olan "Rıbar" kanalı isə "Limandakı vəziyyət narahatedicidir" deyə yazıb.
Rusiyayönlü bloqerlərdən azı biri – Yuri Kotyonok Ukrayna mənbələrindən məlumat sızmamasından gileylənib: "Ukrayna informasiya sükutu şəraitində Liman yaxınlığında hücum həyata keçirir. Bizim tərəfdə sükut artıq adi hala çevrilib, lakin düşmən tərəfinin belə davranması bir qədər qeyri-adidir və narahatlıq doğurur. Burada məqsədli və düşünülmüş sükut rejimi tətbiq olunur".
Ukrayna ordusunun mətbuat xidməti əməliyyatların davam etdiyini deyərək şərh verməyib. Üçüncü Ordu Korpusunun komandanı briqada generalı Andriy Biletski sentyabrın 15-də əks-hücumun aparıldığını ümumi təsdiqləyib, "yaxşı xəbərlər" olacağını bildirib.
Rusiyanın Müdafiə Nazirliyi şərh üçün göndərilən sorğunu cavablandırmayıb.
Ukrayna hərbçisi Donetsk vilayətinin Kramatorsk şəhəri yaxınlığındakı yolda patrul xidməti aparır.
Kiyevin durumu əlverişli deyil
Hərbi ekspertlər döyüş meydanındakı bu uğurun Ukrayna üçün daha geniş strateji dəyişikliyə səbəb olmayacağını deyirlər. Ümumilikdə, Kiyevin durumu əlverişsizdir: Rusiya həm canlı qüvvə, həm də bir çox ərazilərdə silah baxımından üstünlüyə malikdir.
Böyük itkilər verməsinə və bəzi yerlərdə əraziləri itirməsinə baxmayaraq, Rusiya cəbhənin ayrı-ayrı hissələrində tədricən irəliləyir. Hərbi komandirlər Slavyansk və Kramatorsk şəhərlərini ələ keçirməyə üstünlük verir. Bu şəhərlərin işğalı Rusiyaya bütün Donetsk vilayətinə və bütövlükdə Donbasa nəzarət imkanı verə bilər.
Bu məsələ Vladimir Putin və Kremlin əsas prioritetlərindən biridir. Rusiya bəyan edib ki, Ukrayna hələ də nəzarətində saxladığı əraziləri təhvil verməsə, bütün Donbası güc yolu ilə ələ keçirəcək. Kiyev isə ərazilərdən imtina ehtimalını qətiyyətlə rədd edir. Donbasa nəzarət məsələsi ABŞ-nin rəhbərliyi ilə fasilələrlə davam edən sülh səylərinin qarşısındakı əsas maneələrdən biridir.
Amma yenə də bu il Kiyev bəzi ərazilərdə Rusiyanın ələ keçirdiyindən daha çox torpağı geri qaytarıb.
Liman ətrafındakı əks-hücumun uğuru isə Ukraynanın ən yaxşı bölmələrinin döyüş qabiliyyətini, Rusiyanın cəbhədə üzləşdiyi davamlı problemləri göstərir.
Massikot deyir, bu, Rusiyanın eyni vaxtda yalnız bir əsas istiqamətdə qüvvə cəmləşdirə bildiyini göstərir: "Hazırda həmin istiqamət Donetskin cənubudur. Bu isə bəzən başqa yerlərdə istifadə oluna biləcək zəif nöqtələrin yaranmasına səbəb olur".
"Ukrayna Limanın mühasirəyə alınması təhlükəsini faktiki aradan qaldırıb və indi şəhərin şimalındakı Rusiya çıxıntısını təhdid edir", – bunu isə Finlandiyada yerləşən "Black Bird Group" araşdırma qrupu bildirib.
Qrupun həmtəsisçisi Emil Kastehelmi Rusiyanın 2026-cı il yay kampaniyasını uğursuz sayıla biləcəyini söyləyir.