2025-ci ilin avqustuna qədər Rusiyanın Ukraynaya qarşı apardığı müharibədəki itkisi 219 min nəfərdir. Vərəsəlik işlərinin reyestrini və ölənlərin adlarının siyahısını araşdıran "Meduza" və "Mediazona" jurnalistləri və könüllülər bu qənaətə gəlib.
Jurnalistlər miras halları ilə bağlı reyestrindəki məlumatları təhlil edərək belə nəticəyə gəliblər ki, Rusiya ordusunda itkilər hər il kəskin şəkildə artır. Belə ki, 2023-cü ildə cəbhədə 50 minə yaxın Rusiya hərbçisi həlak olubsa, 2024-cü ildə bu rəqəm 93 minə yaxın olub.
"2024-cü ilin noyabrında kişilər arasında ölüm səviyyəsi rekord həddə çataraq həftədə təxminən 3 min nəfər təşkil edib. Bununla bağlı mümkün izahlardan biri 2024-cü ilin ikinci yarısından etibarən Rusiya məhkəmələrinə hərbi qulluqçuların itkin düşmüş və ya ölü elan edilməsinə dair iddiaların kütləvi şəkildə daxil olmasıdır", - "Mediazona" qeyd edir.
Rusiya hakimiyyəti Ukraynaya qarşı müharibədə ölən və yaralananların sayını rəsmi olaraq açıqlamayıb. Qərb mediası kəşfiyyat məlumatlarına istinadən yazıb ki, itkilər yüz minlərlədir - söhbət ölən və yaralananlardan gedir.