ABŞ prezidenti Donald Tramp mayın 12-də bildirib ki, onun danışıqlarda iştirakı faydalı olarsa, Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarda iştirak edə bilər.
Prezident Tramp mayın 12-də ikinci prezidentlik müddətində ilk beynəlxalq səfərinə yola düşüb. Bu səfər proqramı çərçivəsində o, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini ziyarət edəcək. ABŞ prezidentinin sözlərinə görə, o, mayın 15-də Rusiya və Kiyev nümayəndələri arasında danışıqların keçiriləcəyi İstanbula səfər etmək imkanını nəzərdən keçirir: "O anda harada olacağımı bilmirəm, Yaxın Şərqin hansısa bir yerində. Amma (mənim səfərimin) kömək edəcəyini düşünsəm, ora uçacağam".
Ukrayna prezidenti Volodimir Zelenski bu danışıqlarda iştirak edəcəyini açıqlayıb və rusiyalı həmkarı Vladimir Putini İstanbulda onunla görüşməyə çağırıb.
Prezident Trampın sözlərinə görə o, görüşdə Rusiya və Ukrayna prezidentlərinin iştirakını və 30 günlük atəşkəsə razılaşacaqlarını gözləyir.
"Məndə belə bir hiss var", - prezident jurnalistlərlə söhbəti zamanı deyib.
Mayın 10-da Kiyevdə keçirilən danışıqlardan sonra Böyük Britaniya, Almaniya, Fransa, Polşa və Ukrayna liderləri Rusiyadan 30 günlük atəşkəsə razılıq verməyi tələb ediblər. Avropa liderləri xəbərdarlıq edib ki, əgər Rusiya 12 maya qədər atəşi dayandırmaqdan imtina edərsə, onlar Rusiya iqtisadiyyatının bank və enerji sektorlarına qarşı daha sərt sanksiyalar tətbiq edəcəklər. Tramp administrasiyası bu xəbərdarlığa açıq şəkildə qoşulmayıb. Mayın 11-də prezident Tramp "Truth Social" sosial şəbəkəsində yazıb ki, bu danışıqlar, heç olmasa, razılaşma əldə etməyin mümkün olub-olmadığını müəyyən etməyə imkan verəcək: "Əgər bu mümkün deyilsə, Avropa liderləri və ABŞ vəziyyətin necə olduğunu biləcək və buna uyğun şəkildə hərəkət edəcəklər".