İstanbulda Rusiya-Ukrayna danışıqları yarım saat çəkib

İstanbuldakı Çırağan sarayında Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu.

Rusiya və Ukrayna arasında tam heyətlə İstanbulda iyulun 23-də keçirilən danışıqlar yarım saat davam edib.

Danışıqların üçüncü raundu ən qısası oldu - ilk iki görüş bir saatdan çox davam etmişdi.

Tərəflər mülki və hərbi şəxslərin mübadiləsi barədə razılığa gəliblər.

Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov bildirib ki, Kiyev prezidentlər Zelenski və Putin arasında avqustun sonuna qədər görüş keçirməyi təklif edib. Onun sözlərinə görə, görüşdə ABŞ və Türkiyə prezidentləri iştirak edə bilər.

Rusiya tərəfi Ukraynaya ölü və yaralıları toplamaq üçün cəbhə xəttində qısamüddətli atəşkəs elan olunmasını təklif edib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin sözlərinə görə, Ukrayna siyasi, humanitar və hərbi məsələlər üzrə işçi qrupların yaradılmasını müzakirə etməyə razılıq verib.

Əvvəlki danışıqlar zamanı Kiyev və Moskvanın qarşılıqlı təqdim etdiyi atəşkəs memorandumlarına gəlincə, tərəflərin mövqeləri, hələlik, bir-birindən çox uzaqdır, - Medinski bildirib.

+++

Yeni danışıqlar raundu öncəsi Zelenski Ukrayna nümayəndə heyətinin tərkibini genişləndirib, heyətdə 12 yox, 14 nəfər olacaq. Heyətə yenə Rustem Umerov rəhbərlik edəcək. O, artıq müdafiə naziri yox, Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədridir. Rusiya KİV-ləri bildirir ki, Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib, ona yenə Vladimir Medinski başçılıq edəcək.

Zelenskinin daha öncə dediyinə görə, görüşdə humanitar məsələlər, məsələn, girovların dəyişdirilməsi müzakirə olunmalıdır. Eyni zamanda, Ukrayna nümayəndə heyəti liderlər səviyyəsində görüş məsələsini qaldırmalıdır.

Kreml sözçüsü Dmitri Peskov çərşənbə axşamı bildirib ki, növbəti danışıqlar raundunda hər iki tərəfin münaqişənin tənzimlənməsi üzrə memorandum layihələrinin müzakirəsi planlaşdırılır. Bu memorandumları tərəflər iyunun əvvəlində keçirilən görüşdə təqdim ediblər. Memorandumlarda mövqelər, demək olar ki, üst-üstə düşmür: Ukrayna şərtsiz atəşkəsə razıdır, Rusiya isə bir sıra şərtlər irəli sürür.