Ukrayna prezidenti Volodimir Zelenskinin müşavirlərindən Mixaylo Podolyak Ukrayna təxribatçı qrupunun Rusiya ərazisinə daxil olmasına və girovlar götürməsinə dair xəbəri Rusiya rəsmilərinin “klassik və qərəzli provokasiyası” adlandırıb.
Rusiya mediaları Federal Təhlükəsizlik Xidmətinə (FTX) istinadla martın 2-də xəbər veriblər ki, Kremlin “Ukrayna terrorçuları” adlandırdığı qrup Rusiyanın Bryansk vilayəti ərazisinə daxil olaraq bir neçə kəndə hücum edib və hücum zamanı girovlar götürülüb.
Ərazidə döyüşlərin getdiyi də xəbər verilirdi.
Lakin Ukrayna prezident administrasiyasının əsas müşavirlərindən Mixaylo Podolyak Twitter-də yazıb ki, Rusiya “saxta hücum hadisəsi” yaratmaqla özünün Ukraynaya qarşı təcavüzünü əsaslandırmağa çalışır:
"Rusiya Federasiyasında Ukraynanın təxribat qrupunun olması barədə uydurma klassik və qərəzli provokasiyadır. Rusiya öz əhalisi qarşısında başqa bir ölkəyə hücum etməsinə və bu müharibəyə görə artan yoxsulluğa haqq qazandırmağa çalışır. Rusiyada partizan hərəkatı güclənir və daha aqressiv olur”.
Bundan bir neçə gün əvvəl Rusiya Ukraynanı onun ərazisinə dron zərbələri endirmək cəhdində ittiham etmişdi.
Kiyev Rusiya ərazisinə heç bir zərbə endirmədiyini bəyan etsə də, bildirir ki, ona qarşı müharibə aparan bir ölkəyə cavab vermək haqqına sahibdir.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, vəziyyət barədə prezident Vladimir Putinə müntəzəm məlumatlar verilir və o martın 3-də bununla bağlı Təhlükəsizlik Şurasının iclasını keçirməyi planlaşdırır.
Rusiya kütləvi-informasiya vasitələri və teleqram kanalları Bryansk vilayətində Ukrayna ilə həmsərhəd iki kənddə - Lyubeçane və Suşanıda döyüşlərin getdiyini xəbər veriblər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Baxmutda küçə döyüşləri
Rusiya Könüllü Korpusu
Daha sonra sosial media platformalarında Bryansk vilayətinin Lyubeçane kəndində, yerli poçt və feldşer-mama məntəqəsinin qarşısında çəkildiyi bildirilən videolar yerləşdirilib.
Bu videolarda kamuflyaj geyimli adamlar Rusiya Könüllü Korpusunun (RKK) döyüşçüləri olduqlarını iddia edirlər.
Onlar bildirirlər ki, Rusiya Federasiyası ərazisinə “doğma torpağı azad etmək” üçün keçiblər.
Bu adamlar Vladimir Putin rejiminə qarşı mübarizə apardıqlarını və yerli əhali ilə vuruşmadıqlarını deyirlər.
Bəzi iddialara görə Rusiya Könüllü Korpusu Ukrayna Silahlı Qüvvələrinin Beynəlmiləl legionunun tərkibində rusiyalı mühacirlərdən ibarət birləşmədir.
Ukraynanın Babel saytı yazır ki, videodakılardan biri Ukraynanın tərəfində Rusiyaya qarşı döyüşən rusiyalı Denis Nikitindir.
RKK-nın adı çəkilməyən bir döyüşçüsü "Важные истории" saytına deyib ki, sözü gedən əməliyyatda 45 nəfər iştirak edib:
“Əraziyə daxil olduq, iki PDM-lə (piyadaların döyüş maşını) pusqu qurduq. Mən hadisə zamanı zərər çəkmiş uşaq görmədim. Amma bir yaralı sərhədçi var idi. Heç bir girov götürməmişik”.
Buna da bax: Blinken 10 dəqiqəlik ayaqüstü söhbətdə Lavrova dedi ki...
Ukraynanın reaksiyası
Babel bildirir ki, Ukrayna silahlı qüvvələri komandanlığı Bryanskda baş vermiş insidentdən xəbərsizdir.
Komandanlıqdan bunun provokasiya olub-olmadığına dair suala cavab verməyiblər.
Ukrayna hərbi kəşfiyyatı bildirib ki, RKK Putin rejiminə və onun tərəfdarlarına qarşı silahlı mübarizə aparan adamların qruplaşmasıdır.
Kəşfiyyatın nümayəndəsi kimi təqdim olunan Andrey Yusov Qromadske saytına deyib:
"RF buğun ərazisində çox sayda millətlərarası, etnoslar arası, dinlərarası, ictimai-siyasi və başqa münaqişələri olan ölkədir”.
Buna da bax: Müəllimlərin Rusiyadan köçü. ‘Getmək istəmirsinizsə...’
Rusiyanın reaksiyası
FTX-nin rəsmi məlumatında deyilir ki, “Bryansk vilayətinin sərhədyanı Klimov rayonunda dövlət sərhədini pozmuş Ukrayna millətçilərinin məhvi üçün tədbirlər keçirilir”.
Bundan bir neçə saat sonra dövlət TASS xəbər agentliyi bildirib ki, “Ukrayna diversantlarının fəaliyyəti nəzərə çarpmır” və “onlar ehtimalən Rusiya ərazisini tərk ediblər”.
Bır qədər əvvəl Bryansk vilayətinin rəhbərliyi iddia olunan diversantların minik avtomobilinin sürücüsünü öldürdüklərini və 10 yaşlı oğlan uşağını yaraladıqlarını bildirmişdi.
Buna da bax: Zaporojyedə dinc sakinlər öldürülübPutin nə deyib?
Vladimir Putin bu hücum üçün məsuliyyəti öz üzərinə RKK götürdükdən sonra insidenti terror aktı adlandırıb.
Onun sözlərinə görə “onlar bizi tarixi yaddaşımızdan, tariximizdən, ənənələrimizdən və dilimizdən məhrum etmək istəyirlər”.
Videodakı RKK döyüşçüləri rusca danışır və özlərini rus millətçiləri kimi təqdim edirlər.
Bu da xəbər verilir ki, Putinin Stavropol diyarına səfəri ləğv olunub.
AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiya medialarında hadisə barədə verilən xəbərlərdə çoxlu anlaşılmazlıq və ziddiyyətlər var.
TASS və başqa dövlət agentlikləri insident zamanı adamların girov götürüldüklərini xəbər versələr də, Bryansk vilayətinin icra hakimiyyəti girov götürülməsi, məktəb avtobusuna atəş açılması kimi xəbərləri təkzib edib.
Baza saytının verdiyi məlumata görə Suşanı kəndində elektrik və qaz stansiyaları partladılıb.