'Məzəlidirsə, hərbi cinayət deyil'. Rusiya generalının qanlı mesajları

General-mayor Roman Demurçiyev 42-ci Qvardiya Motoatıcı Diviziyasının komandiri vəzifəsində çalışıb.

2022-ci il oktyabrın 18-i idi, Rusiya səkkiz aya yaxındı Ukraynada tammiqyaslı müharibəyə başlamışdı. Rusiya ordusunun yüksəkrütbəli zabiti Rusiyadakı həyat yoldaşı, bir neçə tanışı ilə mesajlaşırdı.

O zaman polkovnik olan Roman Demurçiyev 42-ci motoatıcı diviziyanın komandiri idi. Mesajlarında lovğalanırdı ki, əsgərləri Ukraynada istehkama basqın ediblər, dörd hərbi əsir götürüblər.

Arvadı Aleksandraya bir neçə insan qulağının fotosunu yollayıb. Qaralmış qulaqlar metal borudan asılmışdı.

"Onları sonra neynirsiz?", – Aleksandra yazıb.

"Çələng düzəldib hədiyyə verəcəyəm", – Demurçiyev cavabında yazıb. Bir il sonra ona general-mayor rütbəsi verilib.

"Pivə üçün donuz qulaqları kimi", – arvadı yazır.

"Hə", – ərinin cavabı belə olub.

Bu qanlı zarafat rusiyalı zabitin mümkün hərbi cinayətinin dəlili ola bilər. Demurçiyevin üç il ərzində oxşar mətn, audio mesajları, foto və videolar göndərdiyi bildirilir.

Bu materialları AzadlıqRadiosu Ukrayna xidmətinin "Sxemlər" araşdırma layihəsinin jurnalistlərinə Ukrayna ordusunda xidmət edən bir nəfər verib. Radio həmin şəxsin kimliyini, faylları necə əldə etdiyini açıqlamamağa razılaşıb.

Jurnalistlər kommunikasiyasının həqiqiliyini təsdiqlədiblər, bundan ötrü ABŞ-də ekspertiza laboratoriyaları, Almaniyada data tədqiqatçıları ilə işləyiblər.

AzadlıqRadiosunun jurnalistləri bir sıra bilgiləri Ukraynanın Üçüncü Ordu Korpusunun əsgərlərinin verdiyi detallarla tutusdurublar. Bu korpus indi də Demurçiyevin əsgərləri ilə döyüşür.

49 yaşlı Demurçiyev hərbi əsirlərlə davranışla bağlı sualı eşidən kimi dəstəyi asıb.

Rusiyanın Müdafiə Nazirliyi də AzadlıqRadiosunun suallarını cavablandırmayıb.

"Qulağa dəymədiniz?"

Rusiyanın təcavüzkar müharibədə hərbi cinayətlər törətməsi ilə bağlı xeyli iddialar və dəlillər yığılıb. Ən tanınmışı Buçadakı qətllərdir. Paytaxt Kiyevin şimalındakı bu şəhər cəmi bir ay Rusiya qüvvələrinin əlində olub. Onlar geri çəkilincə sakinlər onlarla meyit aşkarlayıblar. Dinc sakinləri kütləvi edam edib işgəncə vermişdilər.

AzadlıqRadiosu Rusiyanın 234-cü Pskov Alayının bəzi üzvlərinin həmin qətllərdə birbaşa iştirak etdiyini müəyyənləşdirib.

Kəsilmiş qulaqlarla bağlı Demurçiyev ilk dəfə çoxdankı tanışı, 36-cı ordu komandirinin birinci müavini İqor Timofeyevə yazıbmış.

"Qulaqlara dəymədiniz? Uşaqlıqda etdiyimiz kimi?", – Timofeyev cavabında yazıb. Onun nə demək istədiyi aydın deyil. Bəlli olan odur ki, onların hər ikisi 2000-ci illərdə Çeçenistanda savaşıblar.

Sizin brauzer HTML5-i dəstəkləmir

Buça qırğınından yeni görüntülər – Rusiya Yablunska küçəsində dinc sakinləri belə hədəfə alıb

Demurçiyev sonra arvadı Aleksandra ilə danışmağa başlayır. Qadın qulaq fotosuna cavabında Çeçenistandan söz salır.

"Elə bilirdim, bunlar Çeçenistandan qalan nağıllardır, demək, doğru imiş", – o yazıb.

Radio jurnalistləri Aleksandra ilə danışa bilməyiblər.

Rusiya qüvvələri keçmişdə hərbi əsirlərin qulaqlarını kəsməkdə ittiham olunublar.

1990-cı illərdə birinci Çeçen müharibəsində jurnalistlər, insan haqları fəalları çoxsaylı oxşar məlumatları sənədləşdiriblər.

Rusiya mediası isə çeçen döyüşçülərin belə rəftarından yazıb.

"Sxemlər" 2022-ci ildə Rusiya əsgərlərinin Ukrayna kəşfiyyatının ələ keçirdiyi söhbətini əldə etmişdi. Bir əsgər əsir barədə deyirdi: "Danışmayacaq. Qulağını kəsiblər".

Demurçiyev 2024-cü ilin sonunda da qulaq kəsməkdən danışıb. O, Valeri Nepop adlı tanışına səs mesajı göndərib.

AzadlıqRadiosu Nepopun Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti olduğunu müəyyənləşdirə bilib.

"Super təşkilatın rəhbərisən, bu mənim arzumdur. Zibil, qulaq da kəsirsən. Amma bizim yaşımızda daha bunu etmirlər, biz sadəcə əmr veririk", – Demurçiyevin bu sözləri eşidilir.

Siçanın dindirilməsi

Demurçiyevin göndərdiyi və qəbul etdiyi materiallar sadist yumordan əskik deyil. 2023-cü ilin dekabrında ona ayaqları bağlanmış, çarmıxa çəkilirmiş kimi yayxanmış canlı siçan videosu göndərilib. Bir səs rusca siçanı dindirir, ona siqaret təklif edir.

Videonu 49-cu Birləşmiş Ordunun komandiri, general leytenant Mixail Kosobokov yollayıb, Demurçiyev də ona gülüş işarəsi atıb.

Kosobokova mesajında Demurçiyev yazıb ki, "Məzələdirsə, hərbi cinayət deyil ki".

Başqa mesajlarda Demurçiyev FSB-yə bağlı Roman adlı hərbi kəşfiyyatçı ilə yazışıb. Onlar əllərində olan ukraynalı əsirdən danışırlar. Demurçiyev yazıb ki, ona işgəncə verməyə vaxtları olmayıb: "Amma sizin vaxtınız çoxdur, adamlara düzünü dedirtmək üçün əlinizdəki alətlərdən istifadə edə bilərsiz".

AzadlıqRadiosu həmin məhbusun Zaporojyedən 42 yaşlı bir kişi olduğunu öyrənib. O, iki il Rusiya əsirliyində qalıb, 2025-ci ilin yayında əsir mübadiləsi çərçivəsində Ukraynaya qayıdıb.

Radionun jurnalistləri qohumları vasitəsilə həmin əsgərlə əlaqə yaradıblar. Amma o, detallı danışmaq istəməyib, fiziki və mental səhhətinin qaydasında olmadığını deyib. Bircə onu əlavə edib ki, onu bərk döyüblər, elektroşok veriblər.

Çeçenistan müharibəsi zamanı gənc əsgər kimi xidmət edən Roman Demurçiyevin sənədli filmdən çəkilmiş fotosu.

"Onları doğrayırlar?"

Demurçiyevin başqa mesajları isə təkcə hərbi cinayətlərdə mümkün əlbirliyini deyil, birbaşa qətldə də əli ola biləcəyini göstərir.

2024-cü ilin dekabrında ona gələn videomesajın dronla çəkildiyi görünür. Rusca səs eşidilir: "Onları doğrayırlar?".

"Hə, kürəklə", – cavab gəlir.

"Bizimkilərdir?", – birinci səs kürəkdən rus əsgərlərinin istifadə edib-etmədiyini soruşur.

"Aha", – ikinci səs deyir.

Demurçiyev digər mesajlarında izah edir ki, videoda görünən əsgərlər keçmiş məhbuslar olub, təslim olan üç ukraynalını istehkam kürəkləri ilə doğrayaraq qətlə yetiriblər.

"Yaxşı, bunu sizə məruzə etdim. Məhbuslardan ikisi istehkama girdi. Orada üç ukraynalı vardı. Onları əsir götürdülər, kürəklərlə doğradılar…", – o, komandiri, general Oleq Mityayevə mesajında ukraynalıları alçaldıcı sözlərlə təsvir edir.

AzadlıqRadiosu öldürülən əsgərlərin hərbi bölməsini müəyyənləşdirib. Bölmə bildirib ki, hadisə Ukraynanın şərqində baş verib. Radiodan həm bölməni, həm də həlak olanların adlarını açıqlamamaq xahiş olunub. Çünki qohumlar, sağ qalanlara psixoloji travma ala bilərlər.

Bölmənin təqdim etdiyi kəşfiyyat məlumatlarına əsasən, Demurçiyevin bəhs etdiyi keçmiş məhbusların kimliyi müəyyən edilib: Rusiyanın 20-ci Ümumqoşun Ordusunun tərkibində olan Üçüncü Diviziyanın 252-ci Motoatıcı Alayının "Black Mamba" bölməsinin üzvləri.

Demurçiyev sonradan hadisənin detallarını Rusiyanın 20-ci Ordusunun komandanı Mityayevə məruzə edib. Mityayev isə təriflə cavab verib: "Həmin mövqeni tutub onları kürəklərlə doğramış məhbuslar, inşallah, sağ qalarlar. Onları mütləq mükafata təqdim etmək lazımdır. İrəli gedin, yavaş-yavaş. Əla iş gördünüz…".