Rusiya və Ukrayna bu gün və sabah hər tərəfdən 500 hərbi əsir dəyişəcəklər. Açıqlamanı Kremlin köməkçisi Vladimir Medinski verib.
Medinski Telegram-kanalında yazıb ki, Ukrayna və Rusiya martın 5-6-da hərbi əsirləri "500-ə 500" formulu üzrə dəyişəcək və bu, Cenevrədə əldə edilmiş razılaşmalar çərçivəsində gerçəkləşəcək.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, martın 5-də 200 rusiyalı hərbçi Rusiyaya qaytarılıb. Martın 6-da isə "300-ə 300" formulu üzrə mübadilə planlaşdırılıb.
Ukrayna hələlik bu məlumatları şərh etməyib.
Əvvəlki əsir mübadiləsi fevralın 5-də "157-yə 157" formulu üzrə aparılıb. Ukrayna prezidenti Volodimir Zelenski onda 150 hərbçi və 7 mülki ukraynalının azad edildiyini, onların arasında yaralı hərbçilərin də olduğunu demişdi.