Rusiya və Ukrayna bir-birinin enerji obyektlərini vurmamağa razılaşıblar. Bu açıqlamanı ABŞ prezidenti Donald Tramp sentyabrın 14-də verib. Daha əvvəl isə o, Kiyevi Rusiyanın neft emalı zavodlarına zərbələrə görə tənqid etmişdi.
"Ukrayna Rusiyanın enerji obyektlərinə zərbə endirməməyə razılaşıb. Rusiya da eyni addımı atmağa razılıq verib!", – Tramp "Truth Social" platformasında yazıb.
"Dünyada dizel yanacağının bahalaşmasına əsasən İran deyil, Rusiya-Ukrayna müharibəsi səbəb olub", – prezident əlavə edib.
Bu arada Yaxın Şərqdəki müharibə fonunda dünya bazarlarında neftin qiyməti sürətlə artır. ABŞ-də aralıq seçkilərinə cəmi iki ay qalmış inflyasiya və yanacağın qiyməti də yüksəlib.
Kiyev və Kremlin çağırışa reaksiyası
Trampın paylaşımından sonra Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Rusiyaya hücumları dayandırmağa hazırdır, bir şərtlə ki, Ukraynanın müttəfiqləri Moskvanın Ukraynanın enerji obyektlərinə, infrastrukturuna və ərzaq təchizatı marşrutlarına zərbələri dayandıracağına təminat versinlər.
"Müharibəyə son qoyulmalıdır. Kritik infrastrukturla bağlı addım sülhə doğru ilk addım ola bilər. Tərəfdaşlarımızdan konkret təkliflər gözləyirik", – Zelenski "X" platformasında yazıb.
Kreml Trampın Ukraynanı Rusiyanın enerji infrastrukturuna zərbələri dayandırmağa çağırmasını alqışlayıb. Kremlin sözçüsü Dmitri Peskov Moskvanın da eyni addımı atıb-atmayacağını deməyib.
Peskov bildirib ki, Rusiya qüvvələri Ukraynanın bütün ərazisində əməliyyatlarını davam etdirəcək.
Sentyabrın 13-də Tramp Zelenskini Rusiyanın dizel yanacağı infrastrukturunu hədəfə almağı dayandırmağa çağırıb. Bu çağırış Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə, o cümlədən Polşa sərhədi yaxınlığına aramsız hücumları fonunda səslənib.
"Başqa çoxlu hədəf var. Dizel yanacağına zərbə endirməyin. Rusiyada dizel yanacağı obyektlərini sıradan çıxarmağı dayandırmalısınız", – Tramp deyib.
Ötən həftə Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Kiyev və Moskvaya səfər ediblər. Vaşinqton müharibə aparan tərəfləri danışıqlar yolu ilə razılaşmaya yaxınlaşdırmağa çalışır.
Tərəflər danışıqları "məzmunlu" adlandırsalar da, cəbhədəki vəziyyət dəyişməyib. Soyuq havalar ərəfəsində Rusiya Ukraynada mülki, logistika və enerji infrastrukturuna zərbələr endirir.
Ukrayna da cavabında Rusiyada enerji və hərbi obyektləri uzaqmənzilli dronlarla hədəfə alır. Yayın əvvəlindən Ukraynanın dron zərbələri Rusiyada ölkəboyu yanacaq çatışmazlığına səbəb olub.